Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - QAYDA TƏSDİQLƏNDİ
Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
İcra məmuru vəzifəsi üzrə qulluğa qəbul olmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, icra məmuru vəzifəsinə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.
Müsabiqə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunu ilə müəyyən edilmiş qulluğa qəbulun şərtləri nəzərə alınmaqla keçirilir. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarətdir.
Müsabiqəyə Qanunla müəyyən edilmiş tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar. Müəyyən kateqoriyalı şəxslər müsabiqənin imtahan mərhələsindən azad edilirlər.
Müsabiqənin keçirilməsi və icbari təlim başa çatdıqdan sonra namizədlərin təyinatına dair təkliflərin verilməsi Əsasnamənin 2.1-ci bəndinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının ərazisində icra məmuru vəzifəsi üzrə qulluğa qəbul bu qaydaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
İmtahan 100 sualdan ibarətdir. Onlardan 60 sual icra məmurunun fəaliyyətində tətbiq olunan normativ hüquqi aktları əhatə edir. 40 sual isə namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən etmək məqsədi daşıyır.
Müsabiqədən uğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərmək üçün nazirliyin Ədliyyə Akademiyasında azı 3 aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimin yekun qiymətləndirməsindən müvəffəqiyyətlə keçmiş namizədlər müsabiqə və icbari təlimin yekunları üzrə topladıqları ümumi bala əsasən sıralanırlar. Namizədlər həmin sıralamaya əsasən vakant icra məmuru vəzifəsinə təyin edilmək üçün ədliyyə nazirinə təqdim olunurlar. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq elmi dərəcəsi olanlara, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük verilir.
14:40 09.04.2026
Oxunuş sayı: 555