Azərbaycan–Gürcüstan əlaqələri artıq region üçün nümunəvi əməkdaşlıq modeli kimi qəbul olunur- Rəy
Cənubi Qafqaz regionu son illərdə qlobal logistika xəritəsində getdikcə daha mühüm mövqe qazanır. Bu kontekstdə İlham Əliyevin İrakli Kobaxidze ilə birgə səsləndirdiyi fikirlər, xüsusilə Orta Dəhlizin genişləndirilməsi ilə bağlı mesajlar regionun gələcək iqtisadi və geosiyasi roluna işıq tutur. Azərbaycan və Gürcüstan üzərindən keçən bu strateji xətt artıq sadəcə alternativ marşrut deyil, Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyalarından biri kimi formalaşmaqdadır.
Yeni nəqliyyat yollarının açılması və mövcud dəhlizlərin genişləndirilməsi təkcə yükdaşımaların sürətini və həcmini artırmaqla kifayətlənmir, eyni zamanda region ölkələrinin tranzit potensialını gücləndirir, iqtisadi əməkdaşlığı dərinləşdirir və siyasi çəkisini artırır. Bu proses, Azərbaycan–Gürcüstan tərəfdaşlığının strateji xarakter daşıdığını bir daha təsdiqləməklə yanaşı, bölgənin qlobal ticarət sistemindəki rolunu daha da möhkəmləndirən əsas amillərdən biri kimi çıxış edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Səbinə Salmanova Crossmedia.az-a açıqlama verib:

"Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ölkə başçımızın bu səfəri bir daha sübut edir ki, iki ölkə arasında qurulan möhkəm siyasi dialoq, iqtisadi əməkdaşlıq və tarixi dostluq əlaqələri gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə imkan verəcək".
Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə, mehriban qonşuluq ənənələrinə və qarşılıqlı etimada əsaslanır: “Bu əlaqələr təkcə coğrafi yaxınlıqdan deyil, eyni zamanda xalqlar arasında formalaşmış səmimi dostluq münasibətlərindən qaynaqlanır. Hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi münasibətlər açıq dialoq, qarşılıqlı hörmət və milli maraqlara həssas yanaşma prinsipləri üzərində qurulub ki, bu da regional və beynəlxalq məsələlərdə ortaq mövqenin formalaşmasına şərait yaradır. Ölkələr arasında iqtisadi əməkdaşlıq xüsusilə diqqət çəkir. Ticarət dövriyyəsinin artması, investisiya imkanlarının genişlənməsi və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin ayrılmaz hissəsi kimi çıxış edir. Təhsil proqramları, mədəni tədbirlər, tələbə mübadiləsi və turizm sahəsində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir. Parlamentlərarası münasibətlər də siyasi dialoqun mühüm istiqamətlərindən biridir. Qanunverici orqanlar arasında qurulan sıx əlaqələr, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi hüquqi bazanın təkmilləşdirilməsinə və qanunvericilik fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir.
Deputat bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, qlobal və regional məsələlərdə bir-birini dəstəkləyərək ortaq maraqlardan çıxış edirlər: “Bu yanaşma hər iki ölkənin beynəlxalq nüfuzunun artmasına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ötən gün mətbuata bəyanatında da bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.
S.Salmanova qeyd edib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında münasibətlər bütün istiqamətlər üzrə davamlı və yüksələn xətt üzrə inkişaf edir: “Strateji tərəfdaşlıq artıq yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm də regional və beynəlxalq miqyasda mühüm əməkdaşlıq modelinə çevrilib. Xüsusilə enerji, nəqliyyat və ticarət sahələrində əldə olunan uğurlar bu əməkdaşlığın real nəticələrini açıq şəkildə nümayiş etdirir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri infrastruktur layihələri regionun iqtisadi xəritəsini dəyişdirərək Azərbaycan və Gürcüstanı Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərdən birinə çevirib. Bu layihələr yalnız iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyət daşıyaraq regionda sabitliyin və qarşılıqlı asılılığın güclənməsinə xidmət edir. Bununla yanaşı, iki ölkəni birləşdirən amillər yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Xalqları bir-birinə bağlayan dərin tarixi köklər, ortaq dəyərlər və əsrlər boyu formalaşmış dostluq münasibətləri bu əməkdaşlığın möhkəm mənəvi təməlini təşkil edir. Tarixin müxtəlif mərhələlərində yanaşı yaşayan Azərbaycan və gürcü xalqları qarşılıqlı hörmət və anlaşma mühitində inkişaf edərək bu günə qədər uzanan dostluq ənənələri formalaşdırıblar. Bu gün həmin ənənələr müasir siyasi və iqtisadi münasibətlər fonunda yeni məzmun qazanaraq daha da güclənir”.
Parlamentari vurğulayıb ki, Azərbaycan–Gürcüstan əlaqələri artıq region üçün nümunəvi əməkdaşlıq modeli kimi qəbul olunur: “Qarşılıqlı fayda, etimad və strateji baxış üzərində qurulan bu model digər ölkələr üçün də örnək rolunu oynayır. Möhtərəm Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha vurğulayıb ki, əsrlər boyu Azərbaycan və gürcü xalqları qardaşlıq şəraitində yaşayıb və bu ənənələr bu gün də uğurla davam etdirilir. Aydın görünür ki, bu münasibətlər yalnız mövcud layihələrlə məhdudlaşmayacaq, gələcəkdə daha geniş əməkdaşlıq platformalarının formalaşmasına, yeni iqtisadi və humanitar layihələrin reallaşdırılmasına yol açacaq”.
Ayhan
21:06 08.04.2026
Oxunuş sayı: 53