Qarabağ mövzusu niyə yenidən gündəmə gətirilir?
Azərbaycan Xarici İşlər nazirliyi Rusiya rəsmilərinin son açıqlamalarına münasibət bildirərək vurğulayıb ki, Qarabağ bölgəsi ilə bağlı məsələlərin ictimai siyasi diskursda qabardılması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
Nazirlik bəyan edib ki, bu mövqe diplomatik kanallar vasitəsilə qarşı tərəfin diqqətinə çatdırılıb və rəsmi Bakı bu cür yanaşmaların dayandırılmasını gözləyir.
Açıqlamada qeyd olunub ki, Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdən sonra da mövzu Rusiya rəsmilərinin çıxışlarında yer almaqda davam edir. Xüsusilə, Kremlin sözçüsü Dmitri Peskov tərəfindən səsləndirilən fikirlər buna nümunə kimi göstərilib.
Azərbaycan tərəfi bir daha vurğulayıb ki, Qarabağın ölkənin ayrılmaz hissəsi olması hər hansı dövlətin mövqeyindən deyil, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu reallıq 44 günlük Vətən müharibəsi ilə yanaşı sonrakı proseslər nəticəsində tam şəkildə təsdiqlənib.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu, tamamilə təbii və məntiqi yanaşmadır. Çünki Qarabağ məsələsi Azərbaycan üçün artıq daxili məsələ hesab olunur. Bu səbəbdən, digər dövlətlər tərəfindən bu mövzunun müzakirəyə çıxarılması ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və milli maraqlar baxımından qəbuledilməz sayılır".
Elmir Heydərli
18:27 07.04.2026
Oxunuş sayı: 650