Dövlət təhlükəsizliyində yeni sərhədlər - Cinayət Məcəlləsində dəyişikliklər nəyi hədəfləyir?
Müasir dövrdə təhlükəsizlik anlayışı təkcə fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda dövlətlərin elmi-texniki potensialı, informasiya resursları və kritik infrastrukturunun qorunması ilə birbaşa əlaqələndirilir.
Xüsusilə, rəqəmsallaşmanın sürətlə artdığı, süni intellekt və kiber alətlərin geniş tətbiq olunduğu bir şəraitdə təxribat xarakterli fəaliyyətlər də daha mürəkkəb və çoxşaxəli forma almağa başlayıb.
Bu kontekstdə Azərbaycanda Cinayət Məcəlləsinin “Təxribat” maddəsinə dəyişikliklərin edilməsi və onun əhatə dairəsinin genişləndirilməsi təşəbbüsü irəli sürülüb.
Təklif edilən yeniliklərə əsasən, artıq təkcə klassik təxribat aktları deyil, həm də kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin fəaliyyətinə yönələn müdaxilələr, eləcə də süni intellekt və xüsusi proqram təminatları vasitəsilə törədilən destruktiv hərəkətlər də bu kateqoriyaya daxil edilir.
Belə bir yanaşma dövlətin müdafiə qabiliyyətinin, iqtisadi təhlükəsizliyinin və strateji resurslarının qorunmasına yönəlmiş kompleks hüquqi mexanizmlərin formalaşdırıldığını göstərir. Lakin sual açıq qalır: bu dəyişikliklər mövcud və potensial təhdidlərə qarşı effektiv cavab hesab edilə bilərmi və ümumilikdə belə sərtləşdirmə zəruri idimi?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlama verib:

"Əvvəlcə onu qeyd edim ki, bəzən yayılan məlumatlarla qanun layihəsinin real məzmunu eyni olmur. Yəni təqdim edilən məqalə və ya informasiya hələ layihənin özü demək deyil. Bu baxımdan müəyyən ehtiyatlı yanaşma vacibdir. Təəssüf ki, Milli Məclisdə təqdim olunan qanun layihələri hər zaman açıq şəkildə və vaxtında dərc edilmir".
Ekspert qeyd edib ki, halbuki qanunvericiliyə əsasən, bu layihələrin dərc olunması təmin edilməlidir ki, cəmiyyət dəqiq və dolğun məlumat əldə edə bilsin:
"Ümumilikdə isə qeyd edə bilərəm ki, terrorçuluq hazırda ən təhlükəli cinayət növlərindən biridir. Bu sahədə məsuliyyətin sərtləşdirilməsi düzgün addımdır və zəruri hesab olunur. Çünki bu, dövlətin təhlükəsizliyinin təmin olunması baxımından ən vacib məsələlərdən biridir".
Ayhan
13:50 07.04.2026
Oxunuş sayı: 55