Terrorçuluqla mübarizədə hüquqi yenilik - radikal qruplaşmalara qarşı cəza sərtləşir
Müasir dövrdə qlobal təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb və qeyri-sabit xarakter alır.
Xüsusilə, terrorçuluq və radikal qruplaşmaların fəaliyyətinin genişlənməsi dövlətləri hüquqi və institusional mexanizmlərini gücləndirməyə vadar edir.
Bu kontekstdə Azərbaycanda da terror fəaliyyəti ilə mübarizənin daha effektiv təşkili məqsədilə Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.
Təklif edilən dəyişikliklərə əsasən, terror təşkilatının yaradılması, ona rəhbərlik edilməsi və ya bu kimi strukturlarda iştirakla bağlı cinayətlərə görə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulur. Bu isə dövlətin təhlükəsizlik siyasətində preventiv və sərtləşdirici yanaşmanın ön plana çıxdığını göstərir.
Belə bir hüquqi təşəbbüs fonunda əsas sual ondan ibarətdir: yeni cəza mexanizmləri radikal qruplaşmaların destruktiv niyyətlərinin qarşısını almaqda nə dərəcədə effektiv ola bilər və ümumilikdə bu yanaşma müasir təhlükəsizlik çağırışlarına adekvat cavab hesab edilə bilərmi?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlama verib:
"Hazırkı şəraitdə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluq fəaliyyətinin açıq şəkildə təşkili, insanların girov götürülməsi, dəniz quldurluğu, o cümlədən müxtəlif platformalarda terror xarakterli hərəkətlərin həyata keçirilməsi, həmçinin radioaktiv maddələrlə düzgün davranılmaması və ya bu maddələrin hədə-qorxu ilə tələb edilməsi kimi hallar mövcuddur.

Qeyd etmək lazımdır ki, bu maddələrin hər birində standart olaraq azadlıqdan məhrumetmə sanksiyası eyni səviyyədə tətbiq olunmur. Ümumilikdə isə cəzanın ağırlığı və ya daha sərt formada tətbiqi bəzən ölkədə və ya dünyada baş verən hadisələrlə birbaşa bağlı olur".
Hüquqşünas əlavə edib ki, məsələn dəniz quldurluğu Azərbaycan Respublikasında geniş yayılmış və ya spesifik cinayət növü deyil:
"Lakin ehtimal olunur ki, bu kimi maddələrin qanunvericilikdə yer alması digər ölkələrdə bu cinayətlərin artması ilə əlaqədardır. Eyni yanaşma terrorçuluq və onun maliyyələşdirilməsi məsələlərinə də aiddir, çünki bu hallar artıq qlobal miqyasda geniş yayılmış vəziyyətə gəlib çatmışdır.
Heç şübhəsiz ki, Azərbaycan dövləti ilə siyasi və hüquqi bağlılığı olan vətəndaşlar da bu tip cinayətlərdə iştirak edə bilərlər. Bu baxımdan, həmin maddələrin daha ağırlaşdırılması bu cinayətlərin açıq şəkildə və kütləvi hal alması fonunda həyata keçirilir.
Hesab edirəm ki, bu, düzgün və vaxtında verilmiş qərardır. Hətta terrorçuluqla bağlı cinayətlərdə, mənim fikrimcə, daha sərt yanaşma tətbiq olunmalıdır.
Belə ki, terrorçuluğa cəhd və ya terrorçuluğun maliyyələşdirilməsi hallarında mövcud cəza hədləri, məsələn, 14 il ilə məhdudlaşmamalı, daha ağır sanksiyalar nəzərdə tutulmalıdır.
Bu səbəbdən düşünürəm ki, sözügedən dəyişikliklər vaxtında tətbiq olunmuş addımlardır. Yaxın gələcəkdə digər müharibə cinayətləri ilə bağlı da cəzaların ağırlaşdırılmasını görə bilərik. Çünki hazırda dünya ciddi siyasi proseslər mərhələsindən keçir və bu kimi hüquqi dəyişikliklər bir növ qabaqlayıcı tədbir, eyni zamanda xəbərdarlıq mexanizmi kimi qiymətləndirilə bilər".
Ayhan
15:25 06.04.2026
Oxunuş sayı: 1879