Yağışlar infrastruktur problemlərini üzə çıxardı: Ekspertdən təklif
Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verən son hadisə bir daha infrastruktur problemlərinin aktuallığını gündəmə gətirib. Xırdalan–Masazır–Novxanı istiqamətində yerləşən şəhərciyə gedən yolda qeydə alınan çökmə, ilk baxışda lokal qəza kimi görünsə də, əslində daha geniş səbəblərlə bağlıdır. Məlumata görə, intensiv və normadan artıq yağan yağışlar nəticəsində kanalizasiya kollektorunun həddindən artıq yüklənməsi və qrunt sularının təsiri şəbəkədə qəzanın yaranmasına səbəb olub. Nəticədə tullantı sularının yol yatağını yuması çökməyə gətirib çıxarıb.
Nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a bildirib ki, bu kimi hallar artıq sistemli problemlər kateqoriyasına daxildir və kompleks yanaşma tələb edir. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün bir neçə istiqamətdə paralel addımlar atılmalıdır:

" Bu problemin aradan qaldırılmasının bir neçə yolu var. Birinci yol ondan ibarətdir ki, Bakı şəhərinin ümumi yağış-drenaj sisteminin çəkilməsi və yağan yağış sularının təmiz halda, təbii yolla təmizlənərək dənizə axıdılması təmin edilsin. Yağış sularının təbii yolla təmizlənməsi dedikdə nəyi nəzərdə tuturam? Müəyyən bir zamandan sonra yollarda yaranan qum və s. çöküntülər xüsusi sahələrdə toplanaraq təmizlənə və daşına bilər. Hətta bu qum, daş və digər qırıntılar tikinti materialı kimi də istifadə oluna bilər. Dünyanın əksər ölkələrində bu proses bu cür həyata keçirilir.
Amma bizdə Bakı şəhərinin ümumi inkişaf planına baxsaq, onu üç komponentə bölmək olar. Birinci komponent Bakı şəhərinin sovet dövründə formalaşmış ərazisidir. Bu ərazidə hal-hazırda infrastruktur, necə deyərlər, mövcud tələbatı qarşılaya bilmir.
Bu infrastruktur mövcud problemləri, yüklənməni və digər səbəbləri özündə cəmləşdirə bilmir. Bu da öz növbəsində xoşagəlməz nəticələrə və problemlərə gətirib çıxarıb.
Bunun üçün də əsas məqsədlərdən biri gələcək inkişafda, kompensasiya dövründə bu məsələlərin nəzərə alınmasıdır. Yəni, hazırkı çətinliklər gələcək infrastruktur layihələrində aradan qaldırılmalı, digər şəhərsalma modellərinə uyğun şəkildə hərəkət edilməlidir.
İmkan olan sahələrdə yeni infrastruktur qurulmalıdır. Çünki bilirik ki, Bakı şəhərinin ərazilərində sıx məskunlaşma getdikcə artır. Şəhərin istər ətraf, istərsə də mərkəz hissələrində demək olar ki, hər gün yeni pilot layihələr həyata keçirilir, yeni infrastruktur qurulur. Bu baxımdan bizim bu sahədə gözləntilərimiz daha çoxdur".
Mehriban Yariyeva
11:28 04.04.2026
Oxunuş sayı: 50