Strateji yaxınlaşma - Bakı və Kiyev yeni imkanlar axtarır
Ukrayna rəsmisi Mişenko Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə ümidini ifadə edib. Tarixi kökləri və ortaq mədəni dəyərləri olan Azərbaycan-Ukrayna münasibətləri uzun illər boyunca dostluq və qarşılıqlı dəstək əsasında formalaşıb. Bu gün iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə möhkəm əməkdaşlıq mövcuddur.
Maraqlıdır ki, münasibətlər yalnız mövcud vəziyyətlə kifayətlənmir. Ukrayna-Azərbaycan əlaqələri həm sənaye, həm aqrar, həm də enerji sahələrində daha da dərinləşə və çoxşaxəli inkişaf edə bilər.
Bu baxımdan, qarşılıqlı investisiyalar, hərbi-sənaye əməkdaşlığı və regional təhlükəsizlik məsələlərində birgə təşəbbüslər münasibətlərin gələcək inkişafına yeni imkanlar aça bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
"Ukrayna-Azərbaycan münasibətləri çox köklü tarixi olan münasibətlərdir və həmişə müsbət dinamika və səmimiyyət ilə fərqlənib. Bunun çoxlu səbəbləri var. O səbəblərdən biri Azərbaycan və Ukrayna xalqlarının formalaşmasında eyni türk kökənli tayfaların etnogenezisində iştirak etməsidir.

Polovistlər, qıpçaqlar, kumanlar, azlar kimi türk tayfaları həm Ukrayna, həm də Azərbaycan xalqının etnogenezisində iştirak edib və xalqların formalaşmasında rol oynayıblar. Dil bənzərliyi və dilimizdə bu günədək mövcud olan ortaq sözlər də bunu təsdiq edən dəlillərdən biridir".
H.Babaoğlu əlavə edib ki, sovet dövründə də Ukraynalı siyasətçilər Ulu Öndərə qarşı həmişə səmimi münasibət göstəriblər:
"Bu qarşılıqlı simpatiya bu gün də Azərbaycan-Ukrayna münasibətlərinin ruhunu müəyyən edir.
Bəli, xalq münasibətləri sistemində iki tərəfli və çoxşaxəli qaydada Azərbaycan-Ukrayna münasibətləri həmişə yaxşı olub. Ukrayna Azərbaycan ərazi bütövlüyünü həmişə dəstəkləyib və bütün xalq tədbirlərində bunu nümayiş etdirib. Bu gün də Ukrayna Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycan Prezidenti bu mövqeyi açıq şəkildə bəyan edir.
Eyni zamanda, bu gün yaranmış müharibə vəziyyətində Ukraynanın böyük humanitar yardıma və enerji daşıyıcılarına ehtiyacı var. Azərbaycan da bu istiqamətdə Ukraynaya daima humanitar yardım göstərir.
Düşünürəm ki, bütün bunlar önümüzdəki mərhələdə Ukrayna-Azərbaycan münasibətlərinin daha da dərinləşməsini və çoxşaxəli şəkildə inkişaf etməsini zəruri edir.
Nəticə etibarilə, hər iki ölkənin mühüm iqtisadi potensialı mövcuddur. Xüsusilə qeyd etmək lazımdır ki, Ukrayna dünyaya taxıl ixrac edən ölkələrdən biridir və yüksək keyfiyyətli taxıl təmin edir.
Eyni zamanda, Ukrayna dünyanın sənaye mərkəzlərindən biri olub və bu gün də hərbi sənayesini yüksəldərək inkişaf etdirir. Azərbaycan isə sənaye və aqrar sahələrdə, qida təminatı kontekstində Ukraynaya ehtiyac duyur.
Mənə elə gəlir ki, bütün bunlar iki dost xalqın bundan sonra münasibətlərini daha da dərinləşdirməsi və inkişaf etdirməsi üçün zəruri şərtləri yaradır. Bu qarşılıqlı əlaqə sayəsində Ukrayna-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və daha da dərinləşəcək".
Ayhan
12:04 02.04.2026
Oxunuş sayı: 54