Separatizmin yeni forması - “alim”, “tədqiqatçı” maskası altında təhlükəli fəaliyyət
Son dövrlərdə mediada yayılan məlumatlar və aparılan araşdırmalar bir daha göstərir ki, bəzi şəxslər “alim”, və ya “tarixçi” adı altında fəaliyyət göstərərək, əslində tamam fərqli – dövlətə və milli maraqlara zidd istiqamətdə fəaliyyət aparırlar.
İqbal Əbilovla bağlı ortaya çıxan faktlar da bu baxımdan ciddi narahatlıq doğurur və göstərir ki, müasir dövrdə ideoloji təsir və informasiya üzərindən aparılan fəaliyyətlər çox təhlükəlidir.
Bu kimi hallar yalnız hüquqi məsuliyyət məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və ictimai şüurun qorunması məsələsidir. Çünki belə şəxslər təkcə öz fəaliyyətləri ilə kifayətlənmir, eyni zamanda müəyyən auditoriyalara təsir göstərərək yanlış ideyaların yayılmasına və cəmiyyət daxilində parçalanma meyllərinin formalaşmasına zəmin yaradırlar.
Məhz bu kontekstdə sual yaranır: bu kimi halların qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir? Dövlət və cəmiyyət bu cür risklərə qarşı hansı mexanizmləri formalaşdırmalı, hansı addımlar atılmalıdır ki, gələcəkdə oxşar təhlükələrin qarşısı vaxtında alınsın?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti İlham İsmayıl Crossmedia.az-a açıqlama verib:

"Doğrudan da İqbal Əbilov zahirdə alim pərdəsi altında müəyyən tədqiqatlar aparır. Amma faktiki olaraq, Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqədə olub və ölkəmizin müəyyən bölgələrində separatizm meyllərini gücləndirmək, ona ideoloji zəmin yaratmaq istiqamətində fəaliyyət göstərib.
Onun hansısa elmi məqaləsi varsa, bilin ki, həmin məqalələrin arxasında da müəyyən separatizm elementləri dayanır. Bir məsələ var ki, talış mədəniyyəti haqqında obyektiv informasiya verəsən, bir də var ki, Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəyə girərək müxtəlif platformalarda – o cümlədən talış mərkəzləri adı altında – yazılar yazasan və bu xalqı separatçı istiqamətə yönəltməyə çalışasan.
Vaxtilə ermənilər Qarabağ məsələsində də eyni yanaşmanı tətbiq edirdilər – əvvəlcə ideoloji zəmin yaradır, sonra “bunlar kimdir?” kimi suallar ortaya atırdılar. Bu fəaliyyət də artıq “alim mövqeyi” deyil, açıq şəkildə dövlətə qarşı yönəlmiş fəaliyyətdir.
Mən bunu vətənə xəyanət kimi yox, dövlətə xəyanət kimi qiymətləndirirəm. Çünki həmin şəxs Azərbaycan vətəndaşı deyil, Belarus vətəndaşıdır. Amma onun əlaqədə olduğu şəxslərə baxsaq, məsələ daha da aydınlaşır.
Məsələn, onun əlaqədə olduğu şəxslərdən biri Fəxrədin Abbasovdur. O, özünə Aboszadə soyadını götürmüşdü. Yerevanda “alim fəaliyyəti” pərdəsi altında çıxış etsə də, əslində Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olub və müxtəlif qüvvələrlə birlikdə fəaliyyət göstərib".
Ekspert əlavə edib ki, bundan başqa Moskvada yaşayan digər şəxslər, eləcə də İsmayıl Şabanov kimi fiqurlar da bu şəbəkənin tərkibində olublar:
"Bu şəxslər birlikdə Azərbaycanda separatizmi körükləyən fəaliyyətlə məşğul olublar.
Bu baxımdan sual yarana bilər ki, bu fəaliyyətləri əvvəlcədən izləmək mümkün idimi? Əslində bu, müəyyən mənada profilaktik fəaliyyətin bir hissəsidir. Çünki 1990-cı illərin əvvəllərində də oxşar proseslər baş vermişdi.
Məsələn, Əlikram Hümbətov talış separatizmi ilə bağlı fəaliyyətə başlamış, sonradan həbs olunaraq cəzasını almışdı. Digər tərəfdən, Fəxrədin Abbasovun Rusiyadan Azərbaycana gətirilməsi də təmin olunmuşdu. Yəni bu şəxslər kifayət qədər ciddi şəkildə separatizm fəaliyyəti ilə məşğul olublar.
Onların Rusiyada “Talış Mədəniyyət Mərkəzi” adı altında yaratdıqları saytlar və platformalar da mövcud idi. Bu qurumlar Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olub, eyni zamanda Ermənistanla birbaşa təmas quraraq müxtəlif səfərlər həyata keçiriblər.
İqbal Əbilov da həmin bu şəbəkənin bir parçasıdır. Digər şəxslər cəza aldıqları halda, bu şəxsin Belarus vətəndaşı olması ona müəyyən mənada “alim pərdəsi” altında fəaliyyət göstərmək imkanı verib.
Hətta onun atasının çıxışlarında da müəyyən məqamlar hiss olunur – sanki özlərini fərqli təqdim etməyə çalışırlar. Amma Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat və istintaq tədbirləri bu məsələnin mahiyyətini bir daha ortaya qoydu.
Aydın oldu ki, bu şəxs faktiki olaraq separatizmə xidmət edən fəaliyyətlə məşğul olub və bu, Azərbaycan dövlətinin maraqlarına ciddi ziddir. Bu səbəbdən də bu məsələ dövlətə xəyanət kimi qiymətləndirilməlidir.
İstintaq prosesi artıq müəyyən mərhələləri keçib və hesab edirəm ki, bu məsələnin ictimailəşdirilməsi də təsadüfi deyil. Bu, bir növ profilaktik addımdır ki, bu yola meyl edə biləcək digər şəxslər üçün xəbərdarlıq rolunu oynasın.
Yəni bu istiqamətdə hərəkət etmək istəyənlər dayansınlar, Azərbaycan dövlətinin maraqlarını nəzərə alaraq addım atsınlar və bu cür separatçı fəaliyyətlərdən imtina etsinlər.
Çünki biz dünyada ən təhlükəli separatizm nümunələrindən biri olan erməni separatizmi ilə üz-üzə qalmışıq. Hətta demək olar ki, dünya miqyasında bu qədər geniş dəstək almış ikinci belə separatizm nümunəsi olmayıb.
Kataloniya və ya İrlandiyadakı separatçı hərəkatlarla müqayisədə belə, erməni separatizmi daha geniş və sistemli dəstək görmüşdü. Buna baxmayaraq, Azərbaycan dövləti bu separatizmə qalib gəldi.
Bu baxımdan, İqbal Əbilov kimi şəxslərin yenidən separatizmə zəmin yaratmaq cəhdləri qəbulolunmazdır. Onların fəaliyyətində Rusiya və İran xüsusi xidmət orqanları ilə potensial əlaqələr də istisna deyil.
Bu kimi cəhdlər nəticə etibarilə iflasa məhkumdur. Azərbaycanın erməni separatizmi üzərində qazandığı qələbə özü ən böyük profilaktik dərsdir.
Bu səbəbdən də Əbilov və onun kimiləri bu dərsdən nəticə çıxarmalı, Azərbaycan əleyhinə separatçı fəaliyyətlərə qoşulmaq kimi niyyətlərdən uzaq durmalıdırlar".
Ayhan
12:45 31.03.2026
Oxunuş sayı: 53