Ermənistan tərəfi konstitusiyanın dəyişdirilməsilə bağlı prosesi də sürətləndirməlidir -RƏY
Cənubi Qafqaz regionunda davam edən normallaşma prosesi çərçivəsində diplomatik təmasların intensivləşməsi diqqət çəkən əsas məqamlardan biri kimi çıxış edir. Bu kontekstdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığı iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər.
Mövcud təmaslar göstərir ki, tərəflər post-münaqişə dövründə dialoqun davam etdirilməsinə və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xüsusi önəm verirlər. Normallaşma prosesində əldə olunan müsbət dinamika, eyni zamanda regional sabitliyin təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Belə görüş və müzakirələr, həm ikitərəfli münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirmək, həm də regionda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılması üçün zəruri platforma rolunu oynayır. Bu baxımdan, nazirlər arasında aparılan dialoq yalnız cari məsələlərin müzakirəsi deyil, həm də uzunmüddətli strateji məqsədlərə xidmət edən prosesin tərkib hissəsi kimi çıxış edir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri — Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan son telefon danışığı zamanı tərəflər normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Həmçinin regional məsələlər və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətlər də müzakirə edilib. Bu dialoq ilk növbədə regionda sülh gündəliyinin yenidən aktiv müzakirə mərhələsinə keçdiyini göstərir. Rəsmi Bakı və İrəvanın birbaşa diplomatik danışıqları davam etdirməsi müsbət haldır. Bu, tərəflər arasında etimadın artırılmasına xidmət edir. Ümumiyyətlə, son aylarda normallaşma prosesi bir neçə paralel istiqamətdə inkişaf edir. Belə ki, Azərbaycandan Ermənistana yüklərin daşınması, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyaların fəaliyyəti sülh prosesinə müsbət dinamika qatır. Ermənistanda açıq şəkildə Azərbaycan ərazisindən tranziti ticarətin artımının açarı hesab edirlər. Bu xüsusda nəqliyyat-kommunikasiya xətlərinin açılması perspektivi yenidən aktuallığını artırır".
Onun fikrincə, hazırkı mərhələdə tərəflər yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır: "Biz bu günlərdə Ermənistan rəsmilərinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı pozitiv bəyanat və reaksiyaların da şahidi olduq. Ermənistan tərəfi konstitusiyanın dəyişdirilməsilə bağlı prosesi də sürətləndirməlidir. Cənubi Qafqazda sabitlik və normallaşma istiqamətində diplomatik səylər bundan sonra da davam etməlidir".
Elmir Heydərli
12:42 30.03.2026
Oxunuş sayı: 57