Vaşinqtondan təhlükəli addım - nüvə sınaqları yenidən qayıdır?
Qlobal geosiyasi gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ Strateji Komandanlığının nüvə sınaqlarının bərpa edilməsi ehtimalı ilə bağlı verdiyi bəyanatlar beynəlxalq aləmdə ciddi rezonans doğurub.
Rəsmi Vaşinqtonun bu strateji gedişi hərbi çəkindirmə vasitəsi olmaqla yanaşı, həm də onilliklər ərzində formalaşmış qlobal təhlükəsizlik arxitekturasının təməllərini sarsıda biləcək bir addım kimi qiymətləndirilir.
Nüvə sınaqları üzərindəki moratoriumun ləğvi ehtimalı yeni bir silahlanma yarışının anonsu olmaqla yanaşı, beynəlxalq hüquqi rejimlərin gələcəyini də böyük sual altına qoyur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-nin bu istiqamətdə addımları qlobal siyasi sistemdə yeni mərhələnin formalaşmasına işarə edir:
"ABŞ-nin nüvə sınaqlarını bərpa etməsi faktiki olaraq yeni dünya siyasi nizamının qurulması prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Tarixə nəzər salsaq, Birinci və İkinci Dünya müharibələri öncəsi də oxşar hərbiləşmə və silahlanma tendensiyaları müşahidə olunub".

Rəsmi Vaşinqtonun bu addımının digər ölkələr üçün presedent yarada biləcəyini vurğulayan M. Əsədullazadə bildirib ki, əgər ABŞ nüvə sınaqlarını bərpa edərsə, digər dövlətlər də bu yolu seçə bilər. Bu isə qlobal miqyasda yeni silahlanma yarışının başlanması deməkdir.
Siyasi şərhçi qeyd edib ki, bu proses artıq mövcud geosiyasi gərginliklərin fonunda daha da sürətlənir:
"Qlobal təhlükəsizlik böhranı xüsusilə son illərdə daha da dərinləşib. ABŞ bu kontekstdə həm rəqiblərinin qarşısını almağa çalışır, həm də öz liderliyini nümayiş etdirməyə çalışır".
Onun fikrincə, bu cür yanaşma beynəlxalq hüquqi mexanizmlərin zəifləməsi ilə nəticələnə bilər:
"Bu, nüvə silahlarının yayılmaması rejiminə də mənfi təsir göstərə bilər. Çünki böyük güclərin bu istiqamətdə atdığı addımlar digər ölkələr üçün də stimul yaradır və mövcud müqavilələrin effektivliyini sual altına qoyur".
Nigar Yahyazadə
11:10 28.03.2026
Oxunuş sayı: 56