Sahibə Qafarova Çində Asiya Boao Forumunda iştirak edir
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çində işgüzar səfərdədir.
Bu barədə Crossmedia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Qionghai Boao beynəlxalq hava limanında Milli Məclisin sədrini Hainan Əyalətinin vitse-qubernatoru Yanq Quigianq, Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Sahibə Qafarovanın forumun rəsmi açılış mərasimində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, builki tədbir "Ortaq gələcəyin formalaşdırılması: yeni dinamika, yeni imkanlar, yeni əməkdaşlıq" mövzusuna həsr olunub.
Forum yaşıl keçiddə geniş əməkdaşlığa ehtiyacı əsas götürərək, transregional əlaqələri, keyfiyyətli sənayeləşməni, rəqəmsallaşmanı, süni intellekt və kvant texnologiyalarında irəliləyişləri təşviq edir.
Tədbir dörd gün davam edir və açılış plenar iclası, tematik dəyirmi masalar, ikitərəfli dialoqları, VIP səhər yeməyi və çoxsaylı şəbəkə imkanları da daxil olmaqla təxminən 50 tədbiri əhatə edir.
Qeyd edək ki, Asiya ölkələrinin 1998-ci ilin maliyyə böhranından sonra iqtisadi inteqrasiyaya can atdığı bir vaxtda, 2001-ci ildə əsası qoyulmuş forum qeyri-hökumət təşkilatı olaraq Asiyada və onun hüdudlarından kənarda maraqlı tərəflər arasında fikir mübadiləsi aparmaqla məşğuldur. "Şərqin Davosu" adlanan forumun illik yüksəksəviyyəli konfransları ilə yanaşı, il ərzində müxtəlif formatlarda tədbirləri də təşkil olunur.
14:45 24.03.2026
Oxunuş sayı: 49