Qadınların hərbi xidmətə cəlb olunması təşviq edilir
Milli Məclis tərəfindən hərbi xidmət sahəsində aparılan qanunvericilik islahatları çərçivəsində qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin təkmilləşdirilməsi istiqamətində mühüm addım atılıb. Müzakirəyə çıxarılan dəyişikliklər, xüsusilə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadınların ilkin xidmət mərhələsində üzləşdiyi çətinliklərin aradan qaldırılmasına və sistemin daha çevik şəkildə təşkilinə yönəlib.
Təklif edilən yeniliyə əsasən, qadın hərbi qulluqçular üçün ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması nəzərdə tutulur. Bu yanaşma onların hərbi mühitə daha rahat uyğunlaşmasına şərait yaradacaq, eyni zamanda uzunmüddətli öhdəlik götürməzdən əvvəl real xidmət şəraitini qiymətləndirmələrinə imkan verəcək. Nəticə etibarilə, bu dəyişiklik kadr sabitliyinin gücləndirilməsinə və hərbi xidmətin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Mövcud “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan qadınların ilkin müqavilə müddəti 3 il müəyyən edilmişdir. Yeni qanun layihəsində isə bu müddətin 6 aya endirilməsi nəzərdə tutulur. Bu dəyişiklik qadınların hərbi xidmətə daha geniş və kütləvi şəkildə cəlb olunmasını təşviq edən mühüm addım kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, ilkin müqavilə müddətinin 3 il olması bir çox hallarda qadın hərbi qulluqçuların ailə vəziyyəti ilə bağlı müəyyən uyğunsuzluqlara səbəb olurdu. Təklif edilən yeni müddət – 6 ay – bu baxımdan daha çevik və uyğun mexanizm kimi çıxış edir və sosial reallıqlarla daha yaxşı uzlaşır.
Kişi hərbi qulluqçular isə, adətən, müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmətə qəbul edilirlər ki, bu da onlar üçün ciddi çətinlik yaratmır. Belə ki, əvvəlki dövrdə 1 il 6 ay, hazırda isə 1 il davam edən müddətli xidmət ərzində onlar hərbi mühitə və tələblərə artıq uyğunlaşmış olurlar.
Nəticə etibarilə, qeyd olunan qanun dəyişikliyinin qəbul edilməsi qadınların hərbi xidmətə cəlb olunmasında səmərəliliyi artıracaq, xidmətin təşkili baxımından daha çevik və effektiv model formalaşdıracaqdır. Bu isə ümumilikdə müsbət və perspektivli bir yenilik kimi dəyərləndirilir".
Elmir Heydərli
11:08 23.03.2026
Oxunuş sayı: 42