Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd edilib ki, nazirlər arasındakı telefon danışığı zamanı iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələlərindən danışılıb.
Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
13:00 20.03.2026
Oxunuş sayı: 41