Qarabağ məsələsi yenidən gündəmə gətirilir: Regionda "suları bulandırmaq istəyənlər" kimlərdirlər?
Avropada geosiyasi gündəmin intensivləşdiyi bir dövrdə, xüsusilə Avropa Siyasi Birliyinin zirvəsi ərəfəsində informasiya məkanında baş verən proseslər diqqətdən kənarda qalmır. Keçmiş prokuror Luis Moreno Okampo tərəfindən sosial şəbəkələrdə yeni kampaniyanın anons edilməsi regionla bağlı informasiya aktivliyinin məqsədli şəkildə artırıldığını göstərir.
Rəsmi gündəmdə Qarabağ məsələsinin yer almamasına baxmayaraq, onun yenidən ön plana çıxarılması müəyyən dairələrin informasiya təsiri vasitəsilə siyasi müzakirələrə yön vermək niyyətindən xəbər verir. Bu kontekstdə ortaya çıxan suallar – baş verənlərin informasiya müharibəsinin yeni mərhələsi olub-olmaması və mövzunun süni şəkildə aktuallaşdırılmasının hansı qüvvələrin maraqlarına xidmət etməsi – mövcud proseslərin daha dərindən təhlilini zəruri edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib:

"Avropa Siyasi Birliyinin növbəti zirvə görüşü ərəfəsində keçmiş prokuror Luis Moreno Okamponun sosial şəbəkələrdə yeni kampaniyanın anonsunu verməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu, region ətrafında informasiya müharibəsinin növbəti mərhələsinə start verilməsi kimi görünür. Qarabağ məsələsi artıq hüquqi və siyasi müstəvidə həll olunmuş, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmiş bir məsələdir. Buna baxmayaraq, müəyyən dairələrin bu mövzunu yenidən gündəmə gətirmək cəhdləri göstərir ki, bəzi qüvvələr regionda formalaşan yeni reallıqları qəbul etmək istəmir. Xüsusilə də Avropada keçirilən yüksək səviyyəli siyasi tədbirlər ərəfəsində belə "kampaniyaların" başlaması açıq şəkildə siyasi manipulyasiya xarakteri daşıyır. Luis Moreno Okamponun bu prosesdə önə çıxması isə ayrıca diqqət çəkir. Bir zamanlar beynəlxalq hüququn təmsilçisi olmuş bir şəxsin sosial şəbəkə kampaniyaları ilə siyasi təbliğat aparması onun obyektiv hüquqşünas mövqeyindən çoxdan uzaqlaşdığını göstərir. Hüquqi arqumentlər əvəzinə emosional və təxribat xarakterli tezislərin səsləndirilməsi beynəlxalq hüquqa xidmət deyil, konkret siyasi maraqlara xidmət deməkdir".
Deputat əlavə edib ki, Qarabağ mövzusunun süni şəkildə yenidən aktuallaşdırılması regionda sabitliyin möhkəmlənməsini istəməyən dairələrin maraqlarına uyğun olduğu açıq şəkildə görünür: "Bu dairələr Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sürətlənməsindən və regionda yeni əməkdaşlıq formatlarının formalaşmasından narahatdırlar. Onlar köhnə münaqişə gündəliyini diriltməklə həm siyasi təsir imkanlarını qorumağa, həm də regionu yenidən gərginlik mühitinə sürükləməyə çalışırlar. Reallıq isə tam başqadır. Qarabağ məsələsi artıq tarixdir və region yeni mərhələyə qədəm qoyur. Bu reallığı qəbul etməyən və sosial media kampaniyaları ilə siyasi təxribat yaratmağa çalışan şəxslər nə qədər cəhd etsələr də, bölgədə formalaşmış yeni siyasi və hüquqi vəziyyəti dəyişmək gücündə deyillər. Əksinə, bu cür kampaniyalar bir daha göstərir ki, bəzi dairələr beynəlxalq hüquqdan yalnız öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır və bu da onların arqumentlərinin nə qədər zəif olduğunu açıq şəkildə ortaya qoyur. Regionda davamlı sülh və sabitlik isə sosial media manipulyasiyaları ilə deyil, real siyasi iradə və qarşılıqlı hörmət əsasında qurulur".
Nigar Yahyazadə
09:17 19.03.2026
Oxunuş sayı: 72