Mahnı Teatrında “Türk film musiqi gecəsi” konsert proqramı təqdim olundu
14 mart 2026-cı il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində kino konsertlər silsiləsi çərçivəsində “Türk film musiqi gecəsi” adlı konsert proqramı təqdim olunub.
Dirijor Ellada Məmmədovanın rəhbərliyi ilə teatrın Estrada-Simfonik Orkestrinin ifasında keçirilən konsertdə tamaşaçılar Türkiyənin məşhur film və seriallarına bəstələnmiş musiqiləri canlı orkestr ifasında dinləmək imkanı əldə ediblər. Proqramda “Çalıkuşu”, “Muhteşem Yüzyıl”, “Yalı Çapkını”, “Hababam Sınıfı” və digər ekran əsərlərinin musiqiləri səsləndirilib.
Gecənin maraqlı məqamlarından biri musiqi nömrələrinin filmlərin ruhunu və atmosferini əks etdirən qısa səhnəciklərlə müşayiət olunması olub. Bu səhnə həlləri konsertə xüsusi dramaturji dinamika qataraq tamaşaçılara həm musiqi, həm də teatr elementlərinin vəhdətini təqdim edib.
Konsert proqramı çərçivəsində Mahnı Teatrının solistləri Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva və Natavan Quliyeva, həmçinin dəvətli gənc ifaçılar Leyla Rəhimova, Babək Əfəndi, Arzu Hüseynov və Aysel Hüseynzadə səhnədə çıxış ediblər.
“Türk film musiqi gecəsi” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və türk kinosunun məşhur melodiyalarını orkestr ifasında yenidən yaşamaq imkanı yaradaraq musiqisevərlərə unudulmaz bir axşam bəxş edib.
09:00 15.03.2026
Oxunuş sayı: 10144