Milli Azərbaycan Tarix Muzeyində Ziyadxan Əliyevin xatirəsi anılıb
Milli Azərbaycan Tarix Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli sənətşünas Ziyadxan Əliyevin vəfatının ildönümü münasibətilə xatirə gecəsi keçirilib.
Tədbir çərçivəsində sənətşünasın həyat və yaradıcılığına həsr olunan görüş təşkil olunub, həmçinin onun yaradıcılığına ithaf edilən "Səttar Bəhlulzadə olduğu kimi" kitabının təqdimatı baş tutub.
Xatirə gecəsində mərhum sənətşünasın həmkarları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edərək onun Azərbaycan təsviri incəsənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Ziyadxan Əliyev xüsusilə Səttar Bəhlulzadə yaradıcılığının tədqiqi sahəsində mühüm araşdırmalar aparıb və bu istiqamətdə bir sıra dəyərli əsərlərin müəllifi olub.
Tədbir zamanı sənətşünasın şəxsi əşyaları muzeyə təqdim edilib. Bununla yanaşı, sənətşünasın təsisçisi və sədri olduğu “Sənətşünaslığın Təbliği” İctimai Birliyinin fəaliyyəti dövründə təşkil olunan "Aprel döyüşləri və Samir Kaçayev” adlı müsabiqənin qalibi Mirvari Ələsgərovanın mərmər üzərində “Samir Kaçayev” adlı portreti muzeyin ekspozisiyasına daxil edilib.
Qeyd edək ki, "Səttar Bəhlulzadə olduğu kimi" kitabı sənətşünasın sağlığında qələmə alınsa da, bəzi məqamlar tamamlanmamışdı. Nəşrin yekunlaşdırılması isə sənətşünasın qızı Aysel Ziyadxanlı tərəfindən həyata keçirilib.
21:36 17.03.2026
Oxunuş sayı: 10392