Hərbi xidmətdən yayınmaq mümkün olmayacaq
Azərbaycan Respublikasında hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi və bu sahədə qanunvericilik bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının daha effektiv şəkildə alınması üçün bir sıra normativ-hüquqi aktlarda dəyişikliklər edilib və yeni hüquqi mexanizmlər müəyyənləşdirilib.
Belə ki, 2024-cü il 27 dekabr tarixində qəbul edilən qanuna əsasən Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində, eləcə də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklər hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının hüquqi qiymətləndirilməsi və belə hallara qarşı məsuliyyət tədbirlərinin daha dəqiq tənzimlənməsini nəzərdə tutur.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xidmətdən boyun qaçıranlara qarşı qaydaları sərtləşdirməsi tamamilə məntiqli addımdır. Lakin bu məsələ ilə bağlı daha ətraflı və rəsmi açıqlamanın verilməsi daha məqsədəuyğun olardı. Ehtimal edirəm ki, nəzərdə tutulan dəyişikliklər çərçivəsində cərimələrin miqdarı artırıla bilər. Həmçinin, əvvəllər yalnız inzibati məsuliyyət tətbiq olunurdusa, gələcəkdə cinayət məsuliyyətinin də nəzərdə tutulması mümkündür. Çünki hərbi xidmətdən boyun qaçırmaq faktiki olaraq konstitusion borcun yerinə yetirilməsindən imtina deməkdir. undan əlavə, əvvəllər bəzi gənclər “otuz yaşına qədər vaxtım var” düşüncəsi ilə hərbi xidmətə getməyi gecikdirir, bəzən isə müxtəlif yollarla bundan yayınmağa çalışırdılar. Görünür, qaydaların sərtləşdirilməsi məhz bu kimi halların qarşısını almağa yönəlib. Əgər həmin şəxslər əmək fəaliyyəti ilə məşğuldurlarsa, bu amil nəzərə alına bilər, lakin hər bir halda vətəndaşın əsas vəzifəsi ilk növbədə Vətən qarşısındakı borcunu yerinə yetirməkdir".

O bildirib ki, bu kimi dəyişikliklər ictimaiyyətə aydın və konkret şəkildə izah olunmalıdır: "İnsanlar bilməlidirlər ki, hansı hallarda hansı məsuliyyət tədbirləri tətbiq ediləcək. Məsələn, orta təhsili başa vurduqdan sonra hərbi xidmətə gəlməyən şəxsləri hansı cərimələrin və ya hüquqi nəticələrin gözlədiyi dəqiq şəkildə açıqlanmalıdır. Bu, həm də ali təhsil müəssisələrinə qəbul, eləcə də digər ictimai və hüquqi məsələlərdə müəyyən məhdudiyyətlərin tətbiqi kimi mexanizmləri əhatə edə bilər (bu, sadəcə nümunə kimi qeyd olunur). Ümumilikdə, qaydaların dəqiq və şəffaf şəkildə təqdim olunmaması cəmiyyətdə çaşqınlıq yarada və bəzi hallarda sui-istifadə riskini artıra bilər. Bu səbəbdən, belə halların qarşısını almaq üçün müvafiq dövlət qurumunun ictimai marağı nəzərə alaraq əlavə və dolğun məlumat təqdim etməsi vacibdir".
Elmir Heydərli
14:53 17.03.2026
Oxunuş sayı: 62