Tehran Universitetinin professorundan Azərbaycanla bağlı qərəzli mövqe: "Düşmən dəyirmanına su tökən" kimlərdir?
Seyed Mohammad Marandi adlı Tehran Universitetinin professoru Azərbaycan haqqında açıq təhdid xarakterli bəyanat verib. O iddia edib ki, guya Azərbaycan İran əleyhinə siyasəti davam etdirsə, ölkədəki hakimiyyət “bir neçə günə devrilə bilər” və onun yerinə İrana dost hökumət gələcək.
Mərəndi iddia edir ki, guya Azərbaycanda İranı dəstəkləyən qüvvələr var və istənilən anda hakimiyyət dəyişə bilər.
Onun səsləndirdiyi fikirlər ciddi ictimai rezonans doğurub.
Bu barədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov Crossmedia.az-a danışıb:

"O, bilməlidir ki, Azərbaycanın müstəqilliyi və dövlət quruluşu ölkə vətəndaşlarının iradəsi ilə müəyyən olunur, başqa dövlətlərin ideoloqlarının fantaziyaları ilə yox.
Seyid Məhəmməd Mərəndinin açıqlamaları bir daha göstərir ki, bəzi İran siyasi dairələri regionu hələ də təsir zonası kimi görür. Lakin XXI əsrdə müstəqil dövlətlərə qarşı “bir neçə günə rejim dəyişəcək” kimi ritorika yolverilməzdir!
Tehran Universitetinin professoru Seyed Mohammad Marandi tərəfindən Azərbaycana qarşı səsləndirilən təhdid xarakterli fikirlər təkcə siyasi etikaya deyil, həm də regional reallıqlara ziddir. Bu cür açıqlamalar göstərir ki, bəzi dairələr hələ də Cənubi Qafqazdakı vəziyyəti düzgün qiymətləndirmir.
Onlar bir məqamı yaxşı anlamalıdırlar: bu gün regionda təhlükəsizlik və sabitlik məsələlərində Azərbaycanın rolu son dərəcə böyükdür. Hətta demək olar ki, müəyyən mənada İranın təhlükəsizliyinin mühüm elementlərindən biri də məhz Azərbaycanla münasibətlərdir".
Ekspert söyləyib ki, İran üçün ən həssas relyef baxımından istiqamətlərdən biri şimal sərhədləridir: "Bu sərhəd isə məhz Azərbaycanla keçir. Təsadüfi deyil ki, uzun illər ərzində Qərbin bəzi dövlətləri və müxtəlif siyasi dairələr tərəfindən səslənən təkliflərə rəğmən Azərbaycan heç vaxt öz ərazisinin İrana qarşı hərbi və ya siyasi platformaya çevrilməsinə icazə verməyib.
Başqa sözlə, Bakı bu illər ərzində əslində İrana qarşı potensial təzyiq imkanlarının qarşısını alıb. Bu isə Tehranın təhlükəsizliyi baxımından az əhəmiyyət daşımayan faktordur.
Lakin təəssüf ki, bəzən bu reallıq İrandakı radikal dairələr tərəfindən görməzdən gəlinir. Azərbaycanın bu xoş siyasətini qiymətləndirilmək əvəzinə, ölkəyə qarşı əsassız ittihamlar və təhdidlər səsləndirilir. Belə yanaşma isə nə qonşuluq münasibətlərinə, nə də regional sabitliyə xidmət edir.
Obyektivlik baxımdan, İran daxilində bu təxribatçı siyasətçilərə əksinə olaraq, məsələlərə daha realist yanaşan siyasətçilər də var. Məsələn, İran prezidenti Məsud Pezeşkian dəfələrlə qeyd edib ki, İran-Azərbaycan münasibətlərində yaranan gərginlik və soyuqluğun əsas səbəblərindən biri İran daxilində bəzi qrupların apardığı yanlış siyasətdir.
Bu açıqlama əslində problemin mənbəyini açıq şəkildə göstərir. Regionda gərginliyin səbəbi Azərbaycan deyil, İrandakı bəzi dairələrin reallıqdan uzaq və emosional yanaşmalarıdır".
Z. Məmmədov söyləyib ki, Azərbaycan hər zaman qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət aparıb: "Bu siyasət dəyişməyib və dəyişmək niyyətində də deyil. Lakin bir məsələ də aydındır: Azərbaycan ilə təhdid dili ilə danışmaq olmaz! Təhdid zəifliyin və gücsüzlüyün əlamətidir. Bəzi radikal dairələr anlamalıdır ki, Azərbaycana qarşı təhdid dili ilə danışmaq nə siyasi baxımdan məntiqlidir, nə də strateji baxımdan ağıllı addımdır. Ələlxüsus indiki həssas məqamda".
15:47 16.03.2026
Oxunuş sayı: 48