Azərbaycan ordusunda erməni dili də öyrədilir – səbəbi açıqlanıb
Azərbaycanda hərbi sahədə dil hazırlığı istiqamətində yeni addımlar atılır.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun nəzdində müxtəlif xarici dillər üzrə kurslar təşkil edilib. Bu barədə məlumat Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Hesabata əsasən, institutun xarici dil mərkəzində bir sıra dillərlə yanaşı, erməni dili üzrə də təlimlər keçirilir. Məqsəd hərbi sahədə çalışan mütəxəssislərin dil biliklərini genişləndirmək və peşə hazırlığını gücləndirməkdir.
Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:

"Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun nəzdində xarici dil mərkəzləri artıq erməni, ingilis, fars, rus və gürcü dilləri ilə yanaşı həm də italyan və çin dilində kurslara artıq start veriblər.
Qüvvələrimizin tərkibinə daxil olan müxtəlif güc strukturlarının xarici dil mütəxəssislərinə olan təlabatını qarşılamaq üçün bu kurslar artıq Hərbi İdarəetmə İnstitutunun müəllim heyəti tərəfindən həyata keçirilir.
Burada həm müntəzəm, həm də intensiv dil öyrənilməsi üzrə proqramlar tətbiq edilir. Bu tətbiq güc strukturlarının zərurəti əsasında planlaşdırılır və həyata keçirilir".
Ekspert, həmçinin, bir çox səfirliklərın də bu prosessə yaxından dəstək verdiyini qeyd edib:
"Səfirliyin dil üzrə mütəxəssisləri də təyin olunmuş müəyyən vaxtlarda kurslarda yaxından iştirak edirlər. Onlar bəzən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularna ölkələrinin dil imkanlarının genişləndirilməsi üçün kursların təşkilində yaxından iştirak edirlər".
Fatimə Məmmədova
11:23 16.03.2026
Oxunuş sayı: 196