Azərbaycan dünyanın ən aktual problemlərinin müzakirə olunduğu məkanlardan birinə çevrilib - Rəy
Bakı artıq dünyanın ən nüfuzlu beynəlxalq mərkəzlərindən birinə çevrilib. Paytaxtımız qlobal dialoq, əməkdaşlıq və innovativ həllər üçün ideal platforma kimi tanınır. Bu statusu təsdiqləyən ən parlaq nümunələrdən biri Bakı Beynəlxalq Humanitar Forumudur. Bu forum qlobal xarakterli humanitar məsələlərə dair geniş müzakirələr, fikir mübadilələri və beynəlxalq əlaqələrin inkişafına töhfə verən nüfuzlu tədbir kimi keçirilir və dünyanın müxtəlif ölkələrindən liderləri, alimləri və ekspertləri bir araya gətirib. Bununla yanaşı, şəhərsalma və urban inkişaf sahəsində də Bakı önəmli addımlar atır. Şəhərsalma ilə bağlı beynəlxalq tədbirlər, o cümlədən müzakirələr və forumlar vasitəsilə Bakı dayanıqlı şəhərlər, inklüziv inkişaf və innovativ həllər mövzularında qlobal diqqəti cəlb edir. Gələcəkdə isə Bakı daha da böyük bir addım atacaq: Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) məhz Bakıda keçiriləcək. Bu tədbir “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ilə qlobal yaşayış böhranı, inklüziv, resilient və dayanıqlı şəhərlərin qurulması kimi aktual məsələləri müzakirə edəcək. WUF13 Bakının ev sahibliyi etdiyi ilk belə miqyaslı BMT tədbiri olacaq və minlərlə beynəlxalq iştirakçı, hökumət nümayəndələri, urban planlaşdırma ekspertləri və sivil cəmiyyət təmsilçilərini birləşdirəcək. İndiyə qədər Bakıda keçirilən beynəlxalq tədbirlər həmçinin keçiriləcək bütün bu tədbirlər – Bakı Beynəlxalq Humanitar Forumundan tutmuş Ümumdünya Şəhərsalma Forumuna qədər – Bakının beynəlxalq mərkəz kimi mövqeyini möhkəmləndirir, Azərbaycanı qlobal dialoqun və əməkdaşlığın mərkəzinə çevirir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
"Bu günlərdə Azərbaycanda 13-cü Qlobal Bakı Forumu keçirilib və burada dəyişməkdə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mühüm məsələlər müzakirə olunub. Forum çərçivəsində dünyada baş verən hazırkı gərgin tarixi, hərbi-siyasi proseslər, bu proseslərdən çıxış yolları və müharibələrə gətirib çıxaran fikir ayrılıqlarının məntiqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzularından biri də gələcəkdə dünyanı nələrin gözlədiyi və yeni dünya modelinin hansı prinsiplərə əsaslanmalı olması ilə bağlı olub. Bəzən dünya nizamı kimi səciyyələndirilən yeni modelin hansı siyasi və iqtisadi məntiqə söykənməli olduğu suallarına cavab axtarılır. Dövlət və hökumət başçıları, dünyanın aparıcı fikir adamları müxtəlif sessiyalarda fərqli istiqamətlər üzrə məsələləri müzakirə etdilər. Bu isə bir daha göstərdi ki, Azərbaycan dünyanın ən aktual problemlərinin müzakirə olunduğu mühüm məkanlardan birinə çevrilib".
Hikmət Babaoğlu qeyd edib ki, istənilən coğrafiyada belə tədbirlərin keçirilməsi mümkün deyil: "Onun fikrincə, bu cür beynəlxalq platformaların təşkili üçün ev sahibi ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzu olmalı, əməkdaşlıq imkanları çoxşaxəli xarakter daşımalı və ölkə liderinin dünya liderləri arasında yüksək etibarı mövcud olmalıdır. Bu kimi məsələlərin məhz həmin ölkədə müzakirə olunması üçün liderin digər dövlət başçıları arasında nüfuzu və təsir imkanları olmalıdır. Eyni zamanda, ev sahibliyi edən ölkə nümunəvi davranışı ilə seçilməlidir”.
Deputat bildirib ki, Azərbaycan Prezidenti forumdakı çıxışında bu məsələləri qısa və dəqiq şəkildə ifadə edib:
“Prezident qeyd etdi ki, əgər hüquq arxanızdadırsa, müharibə apara bilərsiniz". Bu fikir bugünkü gücə əsaslanan və qeyri-hüquqi davranışların əksinə olaraq ədalətli yanaşma kimi səslənir. Hüquq və güc bir arada olduqda ədalət ortaya çıxır. Bu gün dünyada baş verən hadisələrə baxdıqda görürük ki, bəzən beynəlxalq hüquq rədd edilir və yalnız güc tətbiq olunur, yaxud hüquq tətbiq edilmədiyi üçün gücsüz tərəf uduzmuş olur. Yeni dünya düzəninin ortaq məntiqi məhz hüquq və gücün birlikdə dəyər kimi qəbul edilməsindən ibarət olmalıdır.
Babaoğlu qeyd edib ki, Azərbaycan bu baxımdan mühüm nümunə ortaya qoyub: “Azərbaycan sülh nümunəsi yaradıb. Güc tətbiq edilərək hüquq təmin edilib, lakin güc mövcud olsa da hüquq pozulmayıb və emosional yanaşmalar üstünlük təşkil etməyib. Hesab edirəm ki, Azərbaycanı cəlbedici edən əsas amillərdən biri də məhz Prezident tərəfindən həyata keçirilən bu siyasətdir. Hazırda Azərbaycanda qlobal şəhərsalma ilə bağlı növbəti beynəlxalq tədbir keçirilir və ölkədə yenə də çoxsaylı xarici qonaqlar iştirak edir.
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, eləcə də ölkə rəhbərliyinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin nəticəsidir".
Fidan Şahkərəmova
12:50 15.03.2026
Oxunuş sayı: 362