TÜRKPA müşahidəçiləri Almatının Ərazi Referendum Komissiyasının sədri ilə görüşüb
Qazaxıstanda 15 mart 2026-cı il Konstitusiya referendumunun qısamüddətli müşahidəsini həyata keçirən TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Almatı şəhərinin Ərazi Referendum Komissiyasının sədri Aygül Kalıkova ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.
Komissiya sədri Almatı şəhərində referenduma hazırlıqlar haqqında məlumat verib və sualları cavablandırıb.
O, səsvermənin Almatı şəhərində 72-si müvəqqəti əsasda yaradılan 654 səsvermə məntəqəsində keçiriləcəyini qeyd edib. Əlilliyi olan seçicilər üçün zəruri şəraitin təmin edilməsinə toxunan xanım A.Kalıkova səsvermə günü səsvermə məntəqəsinə gələ bilməyən seçicilər üçün daşınan səsvermə qutularının istifadəsi barədə məlumat verib. O həmçinin daimi qeydiyyatın olduğu yaşayış məntəqəsindən kənarda istənilən səsvermə məntəqəsində səs vermək məqsədilə qeydiyyatdançıxma vəsiqəsi üçün müraciət etmək imkanı haqqında danışıb. Komissiya sədri referendumun müşahidəsi prosesində yerli müşahidəçilərin iştirakına toxunub və Almatı şəhərində referendumu müşahidə etmək üçün 9 ictimai birliyin qeydə alındığını bildirib.
Missiya üzvləri Konstitusiya referendumunun əhəmiyyətini vurğulayaraq, demokratik və şəffaf referendumun keçirilməsində uğurlar arzulayıblar.
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Almatı qrupu parlamentin deputatları Tamam Cəfərova (Azərbaycan), Mahmut Özer və Cemal Enginyurt (hər ikisi Türkiyədən), TÜRKPA Beynəlxalq Katibliyinin heyəti - Baş katibin müavini Muhammet Alper Hayali, komissiya katibi Bauırjan Datkayev, hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi Abdullah Nuri Ayvazdan ibarətdir.
22:50 14.03.2026
Oxunuş sayı: 42