Sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub.
Crossmedia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, növbəti ortamüddətli dövr dünyada və regionda cərəyan edən geosiyasi vəziyyət və geoiqtisadi amillər və hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır:
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir. Strategiyanın davamı olaraq, 30 may 2025-ci il tarixində cənab Prezident tərəfindən imzalanmış Sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək "2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının" layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub. Hər iki sənədin layihəsi Hökumət tərəfindən artıq Prezidentə təqdim olunub".
11:44 13.03.2026
Oxunuş sayı: 43