Qarabağda minaların təmizlənməsinə mane olan əsas amil açıqlandı
Ötən bir həftə ərzində 200 hektara yaxın ərazi minalardan təmizlənib. Lakin mina bəlasından tam şəkildə qurtulmaq üçün Azərbaycan hələ uzun və mürəkkəb bir proseslə üz-üzədir. Bu işlərin sürətli və təhlükəsiz həyata keçirilməsi üçün ciddi resurslar, ixtisaslaşmış kadrlar və müasir texnologiyalar tələb olunur. Eyni zamanda, ərazilərin tam təmizlənməsi üçün lazım olan vaxt hələ dəqiq müəyyən edilə bilməyib, çünki basdırılmış minaların sayı və yerləşdiyi ərazilərin genişliyi çox dəyişkəndir. Bu səbəbdən mina problemini tam həll etmək uzunmüddətli planlaşdırma, davamlı resurs ayrılması və strateji yanaşma tələb edir.
Məsələ ilə bağlı hərbi ekspert Asəf Quliyev Crossmedia.az-a açıqlama verib:

"Mina və partlamamış hər bir silah-sursat hər elə ağır müharibə mirasıdır ki, güman etmirəm, hansısa yüksək ixtisaslı mütəxəssis bu problemin nə zamansa həllini tapacağını deməyə cəsarət etsin. Bu, uzunmüddətli və çox mərhələli bir prosesdir. Minaların təmizlənməsi olduqca uzun və çətin prosesdir. Amma bu gün azad olunmuş ərazilərimizdə Azərbaycan dövlətinin gördüyü işlər göz qabağındadır. Bu işlərin içərisində minaların və partlamamış hər bir sursatın təmizlənməsi, zərəssizləşdirilməsi ön plandadır. Çünki biz o minaları və sursatları təmizləməsək, həmin ərazilərdə rahat və təhlükəsiz yaşamaq mümkün olmayacaq. Hələ də ikinci dünya müharibəsindən qalan bəzi partlamamış sursatlar tapılır və zərəssizləşdirilir. Ona görə də ərazilərin minalardan tamamilə təmizlənməsi çox uzun müddət, bəlkə də, onilliklər tələb edə bilər".
Ekspert qeyd edib ki, lazım olan vəsaitə gəldikdə isə, bir hektar ərazidə 1 minadan 500 minaya qədər mina ola bilər: "Hər bir mina - növündən asılı olmayaraq, tapılıb zərəssizləşdirilməlidir. Çünki bu, gələcəkdə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün həyati önəmlidir. Bu məsələdə bir nüans da var ki, Azərbaycan dövləti bütün bu işləri daxili resursları hesabına həyata keçirir. Yenə də vurğulamaq istəyirəm ki, mina məsələsi arxa plana keçməyib, əksinə, ön plandadır. Çünki vətəndaşların təhlükəsizliyi və əmin-amanlığı ən yüksək prioritetdir. Bu işlər intensiv şəkildə aparılır. Müxtəlif strukturlar yaradılır ki, mina təmizləmə işləri daha sürətli həyata keçirilsin. Məlumdur ki, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, ANAMA kimi dövlət qurumları bu işi görür. Eyni zamanda, mina üzrə ixtisaslaşmış kadrların toplandığı yeni strukturların yaradılması da nəzərdə tutulur ki, iş daha intensiv aparılsın. Amma yenə də deyirəm, bu işlərin konkret nə vaxt yekunlaşacağını söyləmək mümkün deyil. Burada bir məsələni nəzərə almaq lazımdır: Azərbaycan ərazilərini minalayan tərəflər həmin dövrdə nəinki xəritələrdən, hətta harada, necə mina basdırıldığını qeyd etmədən bu işləri aparırdılar. Belə bir şəraitdə minalarla mübarizə aparmaq, onları təmizləmək göründüyü qədər də asan deyil. Əlimizdə konkret xəritələr olsaydı, işlər daha səmərəli həyata keçirilərdi. Amma təəssüf ki, o dövrdə basdırılmış minaların böyük əksəriyyətinin xəritəsi yoxdur və olan xəritələr də qeyri-dəqiqdir".
Ayhan
12:18 12.03.2026
Oxunuş sayı: 57