Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi bəyənilib
Milli Məclisin Toponimiya Komissiyası Qubanın üç kəndinin adının dəyişdirilməsini məqsədəmüvafiq hesab edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı qərar komissiyanın bugünkü iclasında verilib.
İclasda çıxış edən komissiyanın sədri İsa Həbibbəyli ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilən, müxtəlif dövrlərdə məkirli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib.
Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.
Məlumata görə, kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən müraciət daxil olub. Müraciətə əsasən Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması təklif olunur.
Müzakirələrdən sonra yaşayış məntəqələrinin adlarının dəyişdirilərək "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması məqsədəmüvafiq hesab olunub.
13:12 11.03.2026
Oxunuş sayı: 53