Azərbaycan və Ermənistan sülh yolunda addımlayır: Perspektivlər açıqlandı
Cənubi Qafqazda uzun illər davam edən münaqişə və gərginlikdən sonra regionda normallaşma istiqamətində atılan addımlar diqqətlə izlənilir. Son günlər Rusiyadan Azərbaycandan keçməklə Ermənistana göndərilən taxılın Biləcəri stansiyasından yola salınması da bu baxımdan müzakirə olunan məsələlərdən biridir. İqtisadi və logistika əməkdaşlığının tədricən bərpası regionda qarşılıqlı etimadın formalaşması baxımından mühüm siqnal kimi qiymətləndirilir. Bəs bu addım Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsi istiqamətində real bir addım hesab oluna bilərmi?
Mövzu ilə bağlı keçmiş baş nazir Pənah Hüseyn Crossmedia.az-a açıqlama verib:

"Sülh yolunda addımlamaq” ifadəsi indiki, bizim yaşadığımız müasir beynəlxalq münasibətlər sistemi üçün o qədər də uyğun sayılmayan, hətta müəyyən mənada romantik çalar daşıyan bir ifadədir. Lakin prinsip etibarilə atılan bu addımların, şübhəsiz ki, Ermənistan və Azərbaycan arasında, bütövlükdə isə Cənubi Qafqaz regionunda vəziyyətin normallaşmasına müsbət təsir göstərdiyini qeyd etmək lazımdır.
Bu addımlar həm sülh müqaviləsinin imzalanması, həm onun ratifikasiyası, həm də uzunmüddətli və qalıcı sülhün təmin olunması baxımından kifayət qədər mühüm hadisələrdir".
P. Hüseyn əlavə edib ki, Ermənistanda da bu prosesləri dəstəkləyən və sülhün əldə olunmasının tərəfdarı olan kifayət qədər insanın mövcudluğunu görməmək mümkün deyil:
"Şübhəsiz ki, sülhün təmin olunmasının əsas şərtlərindən biri iki ölkə arasında əlaqələrin bərpasıdır. Əgər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə nəzər salsaq, görərik ki, bu proses prinsip etibarilə Azərbaycanın təhlükəsizlik maraqlarına da xidmət edir.
Bu baxımdan, baş verənləri sadəcə iki ölkə arasında — yaxın keçmişdə müharibə vəziyyətində olmuş dövlətlər arasında münasibətlərin normallaşması kimi deyil, daha geniş və əhəmiyyətli bir hadisə kimi qiymətləndirmək lazımdır.
Hesab edirəm ki, bu istiqamətdə atılan addımların davam etdirilməsi və daha da genişləndirilməsi olduqca vacibdir.
Ayhan
10:30 11.03.2026
Oxunuş sayı: 53