Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
10 mart tarixində Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Holdinqin iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində Holdinqin idarəetməsində olan Portfel Şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. İclasda təqdim olunan məsələlərə dair AİH-in Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov çıxış ediblər.
İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
18:21 10.03.2026
Oxunuş sayı: 43