Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı yeni səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil və mədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri barədə məlumat verilib.
Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfli platformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahəsində bir-birini dəstəklədiyi məmnunluqla bildirilib.
Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub, dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərin faydalı olduğu diqqətə çatdırılıb.
Nazirlər həmçinin Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini, deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
16:52 10.03.2026
Oxunuş sayı: 43