Azərbaycan BMT-nin Qadınların Statusu üzrə Komissiyasının iclasında təmsil olunur
BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasında "Bütün qadın və qızların ədalətə çıxışının təmin edilməsi və gücləndirilməsi" mövzusuna həsr olunmuş BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının (CSW70) açılışı olub.
Crossmedia.az xəbər verir ki, sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiyada BMT üzv dövlətlərinin qadın məsələləri üzrə qurumları, vətəndaş cəmiyyəti təşkilatları və QHT nümayəndələri iştirak edirlər.
Sessiya çərçivəsində ümumi müzakirələr, nazirlərin dəyirmi masası və bir sıra beynəlxalq yan tədbirlər keçiriləcək. Proqram çərçivəsində Türk Dövlətləri Təşkilatı adından birgə bəyanat səsləndiriləcək, Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edəcək.
Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi "Könül birliyindən güc birliyinə: Türk dünyasında sahibkarlıq ekosistemi", Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin "Ədalətin gələcəyi: qadınların ədalətə çıxışı üçün texnoloji yollar", Serbiyanın "Qadınların əhəmiyyətli rolu: gücləndirilmə üçün ittifaqlar", həmçinin İƏT üzv dövlətlərində qadın liderliyi və bərabərliyin təşviqinə həsr olunmuş tədbirlər keçiriləcək.
Sessiya çərçivəsində Azərbaycan tərəfindən də "AQEM dövlətlərində (Asiya–Avropa) qadınların səlahiyyətlərinin artırılması" mövzusunda xüsusi yan tədbirin təşkili planlaşdırılır.(Report)




18:48 09.03.2026
Oxunuş sayı: 46