Makronun Bakıya mesajı: Paris region siyasətinə korrektə edir
Son günlər Cənubi Qafqazda baş verən geosiyasi proseslər fonunda beynəlxalq aktorların mövqeləri xüsusi diqqət mərkəzindədir.
Xüsusilə də, Fransanın yanaşması region siyasətində mühüm indikatorlardan biri hesab olunur.
Bu kontekstdə Emmanuel Makronun İranın Azərbaycana hava hücumu ilə bağlı rəsmi Bakıya həmrəylik ifadə etməsi Fransanın regiondakı mövqeyi ilə bağlı yeni müzakirələrə yol açıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngi Parisin regiondakı proseslərə münasibətində müəyyən korrektələrin edildiyini göstərən mühüm diplomatik addım kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, son dövrlərdə beynəlxalq və regional proseslərin dinamikası, xüsusilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar bir sıra dövlətləri öz yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edir:
"Məlum olduğu kimi, martın 8-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Fransa Prezidenti İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı rəsmi Bakıya həmrəylik ifadə edib və bununla yanaşı İrandakı Fransa vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub".
V. Rəhimzadənin sözlərinə görə, Makronun telefon zəngi Fransa ilə Azərbaycan arasında münasibətlərin perspektivi baxımından diqqət çəkən diplomatik hadisədir.
"Son illərdə iki ölkə arasında siyasi dialoqda müşahidə olunan gərginlik fonunda bu təmas münasibətlərin normallaşmasına doğru mümkün yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər",- deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Fransa-Azərbaycan münasibətlərində yaranmış gərginliyin əsas səbəbi rəsmi Parisin regionla bağlı qərəzli və beynəlxalq hüququn prinsipləri ilə uzlaşmayan siyasəti olub.
O xatırladıb ki, Prezident İlham Əliyev fevralın 13-də "France 24" telekanalına müsahibəsində Fransa ilə münasibətlərdə yaranmış problemlərin mənbəyinin Azərbaycan olmadığını xüsusi olaraq qeyd etmişdi.
Dövlət başçısı bildirmişdi ki, Azərbaycan tərəfi yalnız baş verən proseslərə adekvat cavab verib və rəsmi Bakı heç bir ölkə ilə, o cümlədən Fransa ilə qarşıdurmada maraqlı deyil.
Prezident həmçinin ötən ilin oktyabrında keçirilmiş Avropa Siyasi Birliyinin Zirvə Görüşü çərçivəsində Fransa lideri ilə baş tutan görüşə də toxunaraq həmin görüşün müsbət atmosferdə keçdiyini və tərəflərin münasibətləri yenidən başlamaq barədə razılığa gəldiklərini diqqətə çatdırmışdı.
Deputat əlavə edib ki, hazırda Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlarda əldə olunan irəliləyişlər, sülh sazişinin paraflanması istiqamətində müzakirələrin intensivləşməsi və regionda siyasi proseslərin yeni mərhələyə qədəm qoyması Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması üçün real zəmin yaradır.
Onun fikrincə, Fransa da artıq regionda yaranmış yeni reallıqları nəzərə almağa başlayır və bu baxımdan Bakıya edilən telefon zəngi həm də siyasi mesaj xarakteri daşıyır.
V. Rəhimzadə bildirib ki, Azərbaycanın regionda artan geosiyasi və iqtisadi rolu, həyata keçirilən iri enerji və nəqliyyat layihələri, xüsusilə Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya əlaqələrinin formalaşdırılması təşəbbüsləri beynəlxalq siyasi və iqtisadi sistem üçün mühüm əhəmiyyət daşıyır.
Bu səbəbdən də bir sıra Avropa ölkələri, o cümlədən Fransa Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyini daha aydın şəkildə dərk etməyə başlayır.
Deputat xatırladıb ki, martın 3-də iki ölkənin xarici işlər nazirləri arasında da telefon danışığı baş tutub. D
anışıqlar zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin iki ölkə prezidentlərinin əvvəlki görüşləri nəticəsində qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Onun sözlərinə görə, Makronun Azərbaycan Prezidentinə telefon zəngi Fransa ilə Azərbaycan arasında siyasi dialoqun tam dayanmadığını, əksinə müəyyən mərhələlərdən keçərək davam etdiyini göstərən mühüm diplomatik təmas kimi qiymətləndirilməlidir.
Deputat hesab edir ki, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasət davam etdirilərsə, iki ölkə arasında münasibətlərin tədricən normallaşması üçün real imkanlar mövcuddur.
Nigar Yahyazadə
17:27 09.03.2026
Oxunuş sayı: 55