Azərbaycan İran və İsrail arasında vasitəçi ola bilər
Yaxın Şərqdə artan hərbi gərginlik və qarşılıqlı hücumlar fonunda diplomatik həll yolları yenidən gündəmə gəlib. İran Prezidenti Məsud Pezeşkian bildirib ki, bir sıra ölkələr regionda yaranmış münaqişənin aradan qaldırılması və tərəflər arasında gərginliyin azaldılması üçün vasitəçilik təklifləri ilə çıxış ediblər. İran və İsrail arasında qarşıdurmanın genişlənməsi ehtimalı isə beynəlxalq ictimaiyyəti daha fəal diplomatik addımlar atmağa sövq edir. Bu şəraitdə əsas müzakirə mövzularından biri də hansı dövlətlərin tərəflər arasında etimad yarada biləcək vasitəçi rolunu oynaya biləcəyi və bunun üçün hansı siyasi, diplomatik və regional amillərin rol oynaya biləcəyidir.

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Alıoğlu Crossmedia.az-a açıqlama verib: "İran İslam Respublikasının mövcud vəziyyəti faktiki olaraq apokaliptik ssenari üzrə inkişaf edir. Faktiki olaraq İranda hakimiyyətin vahid və aydın idarəetmə strukturu görünmür. Məsud Pezeşkianın İran Konstitusiyasının müvafiq maddələrinə, xüsusilə də 48, 44 və 32-ci bəndlərinə uyğun olaraq səlahiyyətlərinin müəyyənləşdirilməsi vilayət-i fəqih və nizam-i inqilab-i islami sistemi çərçivəsində həyata keçirilir. Lakin Pezeşkian səlahiyyət baxımından İranda yalnız dördüncü şəxs hesab olunur. Onun hansısa bəyanat verməsi hələ o demək deyil ki, İranda fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusu – yəni SEPAH, eləcə də digər güc strukturları, o cümlədən İranın Müdafiə Nazirliyi və Silahlı Qüvvələri onun dediklərinə tam şəkildə riayət edəcəklər. Pezeşkian vasitəçi ölkələrin adını açıq şəkildə çəkməyib. Lakin ehtimal olunan vasitəçi ölkələr kimi Rusiya, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı və Pakistan nəzərdə tutulur. Qətər və Oman isə artıq vasitəçi ölkə qismində çıxış edə bilməz. Çünki artıq yeddi gündür ki, Qətər və Oman ərazilərində yerləşən bir neçə hərbi obyekt və infrastruktur, o cümlədən mülki obyektlər İran tərəfindən dronlar və raketlər vasitəsilə hədəfə alınıb".
E.Alıoğlu qeyd edib ki, vasitəçi rolunda Türkiyə, Pakistan, Azərbaycan, Rusiya və bəzi Avropa ölkələrinin çıxış etməsi ehtimalı daha yüksəkdir: "Məsələ burasındadır ki, Pezeşkianın səsləndirdiyi fikirləri SEPAH dəstəkləmir. Hazırda SEPAH generalları bunkerlərdədir və indiyə qədər İranla bağlı əsas açıqlamalar yalnız Pezeşkian tərəfindən, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən verilir. Lakin bu, həlledici məsələ deyil. Əsas və həlledici qərarlar SEPAH-ın baş qərargahı, yəni “Xatəmül-Ənbiya” qərargahı tərəfindən veriləcək. İran vasitəçilik missiyasının həyata keçirilməsini ciddi şəkildə gözləyir. Hazırda İranın qarşısında üç əsas yol var. Birincisi, sona qədər müqavimət göstərməkdir. Bu isə İrandakı mövcud hədəflərin və infrastrukturun daha da dağıdılması ilə nəticələnə bilər. İkincisi, kapitulyasiya variantıdır. Lakin İranın buna gedəcəyi ehtimalı çox zəifdir. Üçüncü yol isə alternativ bir ssenaridir. Yəni İranda artıq parçalanmış, segmentləşmiş və mikrostrukturlara bölünmüş hakimiyyət qalıqları öz simasını tam itirmədən Qərblə danışıqlara getməlidir. İranın nüvə proqramı artıq onilliklərdir davam edir. Lakin son hadisələr göstərir ki, İranın hava hücumundan müdafiə sistemi ciddi zərbələr alıb və müdafiə imkanları xeyli zəifləyib. Qalan raket potensialı və digər imkanlara gəldikdə isə, partizan müharibəsi və oxşar ssenarilər İran hakimiyyəti üçün real seçim kimi görünmür. İran çox yaxşı başa düşür ki, ABŞ və İsraillə açıq müharibəyə getmək üçün nə yetərli potensialı, nə imkanları, nə də hərbi gücü var".
Ayhan
11:22 09.03.2026
Oxunuş sayı: 5570