KİV: İranın Azərbaycana hücumu ilə bağlı yayılan bəzi paylaşımlar manipulyasiyadır
Baku TV sosial mediada yayılan bəzi məlumatlarla bağlı rəsmi açıqlama yayıb. Telekanal bildirib ki, internetdə paylaşılan bəzi məlumatlar reallığı əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa yönəlib.
Crossmedia.az bu barədə xəbər verir ki, yayılan kadrlarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hadisə yerində çalışdığı və Naxçıvan istiqamətinə atıldığı iddia edilən dronun qalıqlarını topladığı görünür. Bildirilir ki, toplanan qalıqlar Azərbaycan istehsalı olan kisələrə yerləşdirilir.
Açıqlamada qeyd olunur ki, bəzi sosial media istifadəçiləri həmin kisələrin üzərindəki yazıları kontekstdən çıxararaq təhrif edir və manipulyativ şəkildə təqdim edirlər. Telekanal bunu ictimaiyyət arasında qəsdən yanlış fikir formalaşdırmağa yönəlmiş cəhd kimi qiymətləndirib.
Bildirilib ki, bu cür saxta və böhtan xarakterli paylaşımlar əsasən İranpərəst və ermənipərəst dairələr tərəfindən yayılır və Azərbaycan dövlətinə qarşı təxribat xarakterli rəy formalaşdırmağa hesablanıb.
16:40 06.03.2026
Oxunuş sayı: 492