Azərbaycan Suriyanın enerji təhlükəsizliyinə dəstək verir- RƏY
Ötən günlərdə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın qaz ixracının coğrafiyası getdikcə genişlənir və bu proses artıq Avropa hüdudlarından kənara da çıxıb. Dövlət başçısı bu fikirləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı səsləndirib.
Prezident qeyd edib ki, Azərbaycan tərəfindən Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükü həyata keçirilib.
Onun sözlərinə görə, bu addım ölkədə mövcud olan elektrik enerjisi qıtlığının azaldılmasına, əhalinin sosial təminatının yaxşılaşmasına, həmçinin biznes fəaliyyətinin və müəssisələrin normal işləməsinə mühüm töhfə verib.
Məsələ ilə bağlı iqtisadçı alim Aqil Eyvazov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan qazının Suriyaya tədarükü təkcə enerji əməkdaşlığı deyil, həm də iqtisadi və biznes mühitinə təsir edən strateji addım kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 1,5 milyard kubmetr qazın tədarükü Suriyada elektrik enerjisi çatışmazlığının azaldılmasına, müəssisələrin fəaliyyətinin bərpasına və biznes imkanlarının genişlənməsinə töhfə verir.
İqtisadi baxımdan bu addım bir neçə istiqamətdə əhəmiyyətlidir. Birincisi, Azərbaycan üçün qaz ixrac bazarlarının şaxələndirilməsi deməkdir. İkincisi, enerji diplomatiyasının genişlənməsi ölkənin regional iqtisadi təsir imkanlarını artırır. Üçüncüsü, yeni bazarların açılması Azərbaycan enerji sektoruna əlavə gəlir və uzunmüddətli əməkdaşlıq perspektivləri yaradır. Nəticə etibarilə, bu təşəbbüs həm Suriyanın enerji təhlükəsizliyinə dəstək verir, həm də Azərbaycanın qaz ixrac strategiyasının genişlənməsi baxımından iqtisadi və geosiyasi əhəmiyyət daşıyır".
Elmir Heydərli
14:15 06.03.2026
Oxunuş sayı: 567