Azərbaycan və Bolqarıstan arasında 8 sənədin imzalanması gözlənilir
Azərbaycan və Bolqarıstan ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq 8 sənədin imzalanmasını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bolqarıstanın Milli Azadlıq Günü münasibətilə keçirilən tədbirdə deyib.
O xatırladıb ki, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə 2024-cü ildə imzalanmış birgə bəyannamə həm Azərbaycanın, həm də Bolqarıstanın milli maraqlarına uyğun olaraq mövcud əməkdaşlığın daha da genişləndirilməsini və tərəfdaşlığın yeni istiqamətlərinin yaradılmasını nəzərdə tutur.
"Onu da qeyd etmək istərdim ki, bu günə qədər iki ölkə arasında müqavilə-hüquq bazamız çərçivəsində 69 sənəd imzalanıb. Hazırda 8 saziş layihəsi baxılmaqdadır. Bu sənədlərin yaxın gələcəkdə imzalanması ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar yaradacaq", - nazir bildirib.
O, həmçinin bu il Veliko Tırnovoda "Şuşa" parkının yaradılması haqqında hökumətlərarası sazişin imzalanmasını məmnunluqla qeyd edib.
"Əminik ki, hər iki tərəf bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirəcək", - o əlavə edib.
20:21 05.03.2026
Oxunuş sayı: 416