Rusiya- Ukrayna müharibəsinin uzanması bizim regionu da qeyri - sabitliyə sürükləyir - Səməd Seyidov açıqladı
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın beynəlxalq hüquq normalarına və qlobal təhlükəsizliyin əsas prinsiplərinə əsaslanan mövqeyini yüksək qiymətləndirdiklərini bəyan edib. Diplomatın sözlərinə görə, xüsusilə suverenlik və ərazi bütövlüyü kimi fundamental prinsiplərə sadiqlik müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır.
Səfir bu fikirləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ildönümü münasibətilə qələmə aldığı məqalədə ifadə edərək, Azərbaycanın müharibənin ilk günlərindən Ukraynaya göstərdiyi siyasi, humanitar və enerji sahələrində dəstəyin həm praktiki, həm də simvolik baxımdan xüsusi dəyərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət, həmrəylik və möhkəm dostluq ənənələri üzərində inkişaf etməkdə davam edir.

İkitərəfli əlaqələrin hazırkı durumu və perspektivləri barədə Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov Crossmedia.az-a danışıb: "Biz Azərbaycan olaraq həmişə beynəlxalq hüququn aliliyinin təmin olunmasının və qəbul edilmiş hüquq normalarının tətbiqinin tərəfdarı olmuşuq. Yəqin ki, siz mətbuatdan da izləmisiniz ki, Azərbaycanda Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə üçtərəfli beynəlxalq əlaqələr komitələrinin geniş iclası keçirilmişdir. Həmin iclası açarkən çıxışımda xüsusi olaraq vurğuladım ki, Azərbaycan daim dürüst, açıq və beynəlxalq hüquq çərçivəsində formalaşmış qayda-qanunların tətbiqini dəstəkləyən bir siyasət yürüdür. Təəssüf ki, beynəlxalq səviyyədə bu prinsiplərin hər zaman eyni şəkildə işlədiyini müşahidə etmirik. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə dəstəkləmişdir, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü də ardıcıl olaraq müdafiə etmişdir. Biz elə bir siyasət aparmışıq ki, heç kim Azərbaycanı ikili standartlara yol verməkdə ittiham edə bilməz. Əksinə, bəzi Avropa strukturlarının müxtəlif ölkələrə fərqli yanaşmalar sərgilədiyini, ikili və hətta üçlü standartlar əsasında siyasət formalaşdırdığını görürük. Məhz buna görə biz bütün qonşu dövlətlərlə münasibətlərimizi yüksək səviyyədə qurmağa çalışırıq və hesab edirəm ki, bu siyasət artıq beynəlxalq miqyasda qəbul olunma mərhələsini yaşayır. Bu gün dünyanın Azərbaycanı qəbul etməsinin əsas səbəbi də məhz aparılan ardıcıl, prinsipial və ədalətə əsaslanan siyasətdir. Azərbaycan həqiqəti və ədaləti müdafiə etməklə öz mövqeyinin doğruluğunu sübut etmişdir.
Bu baxımdan Azərbaycan-Ukrayna münasibətləri bu gün açıq və yüksək səviyyədə inkişaf edir. Azərbaycan humanitar yardım göstərmişdir, göstərir və bundan sonra da göstərməkdə davam edəcəkdir. Biz hesab edirik ki, müharibə beynəlxalq hüquq çərçivəsində tezliklə öz həllini tapmalıdır. Çünki müharibənin uzanması təkcə Ukraynanı və Avropanı deyil, bütövlükdə geniş regionu, o cümlədən bizim regionu da qeyri-sabitliyə sürükləyir.Bu səbəbdən biz müharibənin tezliklə yekunlaşmasını istəyirik. Lakin arzumuz odur ki, bu proses beynəlxalq hüquqa ciddi şəkildə riayət olunmaqla baş versin və nəticə etibarilə ədalətli, dayanıqlı və humanitar dəyərlərə uyğun bir sülh təmin edilsin".
Elmir Heydərli
12:51 28.02.2026
Oxunuş sayı: 1092