Amnistiya ilə bağlı mühüm xəbər - Novella Cəfəroğlu açıqladı
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 18 355 nəfərə şamil edilib.
Bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyuk prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirib.
Məlumata görə, onlardan 5 638 nəfəri azadlıqdan məhrum etmə cəzasından azad edilənlərdir.
Onların 572 nəfəri Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər və 18 yaşına çatmayanlardır.
96 nəfəri böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər, 1081 nəfəri ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum edilənlər, 3 min 386 nəfəri az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, 503 nəfəri isə ilk dəfə ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərdir.
Amnistiya aktı ilə 9 min 215 nəfər digər cəzalardan azad edilib.
O deyib ki, onlardan 9 nəfəri intizam intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, 7 min 703 nəfəri azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, 146 nəfəri hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər, 685 nəfəri islah işləri cəzasına məhkum edilmiş şəxslər, 68 nəfəri ictimai işlər cəzasına məhkum edilmiş şəxslər, 604 cərimə cəzasına məhkum edilmiş böyük ictimai təhlükə törətməyən, habelə 3 min manatadək cərimə cəzası təyin edilən şəxslərdir.
Azərbaycanda dövlət humanizmi siyasətinin tərkib hissəsi kimi həyata keçirilən amnistiya tədbirləri cəza siyasətinin liberallaşdırılması və sosial ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktının icrası nəticəsində yüzlərlə şəxs şərti cəzadan azad olunaraq cəmiyyətə reinteqrasiya imkanı əldə edib.
Rəsmi məlumatlara görə, amnistiyanın tətbiqi hüquqi humanizm prinsiplərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edir və müxtəlif kateqoriyadan olan məhkumlara şamil olunur. Bu barədə açıqlama verən rəsmilər qeyd ediblər ki, qəbul edilən qərarlar həm cəzaçəkmə siyasətinin optimallaşdırılması, həm də sosial ədalət və insan hüquqlarının qorunması baxımından mühüm nəticələr doğurur.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Hazırda Ədliyyə Nazirliyində iclaslar keçirilir və bu proseslər cəzaçəkmə müəssisələrində olan şəxslərin taleyi baxımından mühüm əhəmiyyət daşıyır. Müşahidə olunur ki, müəyyən şəxslər azadlığa buraxılır, bəzilərinə isə islah olunmaları istiqamətində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Bu qərarların əsas hissəsi amnistiya ilə bağlı fəaliyyət göstərən komissiyanın rəyləri və iclasları əsasında formalaşır. Bildiyimiz kimi, amnistiya komissiyası məhkumların davranışını, islah səviyyəsini və digər hüquqi meyarları nəzərə alaraq onların cəzadan azad edilməsi və ya cəzanın yüngülləşdirilməsi ilə bağlı müvafiq qərarların qəbuluna tövsiyələr verir. Komissiyanın obyektiv və peşəkar rəyləri xüsusilə islah olunmuş şəxslərin cəza müddətinin azaldılması və ya azadlığa buraxılması baxımından mühüm rol oynaya bilər. Əgər bu rəylər düzgün və ədalətli şəkildə hazırlanarsa, amnistiya aktının verdiyi səlahiyyətlər çərçivəsində bir çox şəxslərin azadlığa çıxması mümkün olar. Eyni zamanda, komissiya hər bir məhkumun fərdi vəziyyətini, davranışını və islah dərəcəsini nümunə kimi qiymətləndirərək qərar qəbul edə bilər. Bu isə həm hüquqi ədalətin təmin olunmasına, həm də cəmiyyətə reinteqrasiyanın daha səmərəli təşkilinə xidmət edir".
Elmir Heydərli
13:49 26.02.2026
Oxunuş sayı: 650