Azərbaycan Xocalı faciəsiəsinin mühakiməsi məsələsində Ermənistandan əməkdaşlıq gözləyir -RƏY
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı təcavüzü yalnız regional təhlükəsizlik mühitini sarsıtmadı, həm də ağır beynəlxalq cinayətlərlə tarixə düşdü. Bu kontekstdə Xocalıda baş verən hadisələr müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım cinayəti baxımından həm hüquqi, həm də siyasi müstəvidə geniş müzakirə olunan məsələlərdən biridir.
Faciənin beynəlxalq səviyyədə qiymətləndirilməsi, məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə cəlb olunması və hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində aparılan fəaliyyətlər bu mövzunun yalnız tarixi yaddaş deyil, eyni zamanda müasir beynəlxalq münasibətlər və hüquq sistemində aktual problem olaraq qalmasını göstərir.

Xocalı soyqrımı, bu soyqrıma beynəlxalq qiymətin verilməsi ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Crossmedia.az-a açıqlama verib: "Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən cinayət olmaqla yanaşı, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş müharibə cinayətidir, insanlıq əleyhinə cinayətdir. Və burada universal yurisdiksiya prinsipi tətbiq olunur. Yəni, bu cinayətin baş verdiyi məkandan, zamandan asılı olmayaraq, beynəlxalq birliyin hər bir üzv dövlətinin dövlət məsuliyyətidir ki, orada iştirak edənləri ədalət məhkəməsi qarşısına çıxarsın. Bu mənada Ermənistan özü də beynəlxalq birliyin üzvü kimi məsuliyyət daşıyır ki, Xocalı soyqırımında iştirak edənləri ədalət məhkəməsi qarşısına çıxarsın. Amma təbii ki, Ermənistanın uzun müddət həyata keçirdiyi bu işğalçılıq siyasəti və ümumi yanaşması kontekstində biz bunu ən azı yaxın illərdə real hesab etmirik. Biz beynəlxalq miqyasda Xocalı soyqırımının həm siyasi, həm də beynəlxalq hüquq müstəvisində tanınması istiqamətində fəaliyyət həyata keçiririk. İndiyə qədər on səkkiz dövlət Xocalını soyqırımı kimi tanıyıb. Birləşmiş Ştatların ştatlarının yarısı Xocalıya hüquqi-siyasi qiymət verib".
Deputat əlavə edib ki, başqa bir məsələ İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində Xocalının soyqırım kimi tanınması haqqında 2012-ci ildə Cibutidə keçirilən Nazirlər Şurasının verdiyi qərardır. Beynəlxalq müstəvidəm hüquqi tanınma ilə bağlı məsələ uzun və çətin prosesdir: "Belə ki, 1948-ci il Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyanın tələbinə görə, orada iki əsas element nəzərdə tutulur. Onlardan biri dolus specialis — xüsusi niyyətin olmasının sübut efilmədir. Xüsusi niyyət, yəni bir etnik, milli, irqi qrupun tam və ya qismən məhv edilməsi ilə bağlı niyyətin sübut olunmasıdır. Bu, çətin və uzun bir prosesdir. Xocalı soyqırımında niyyətin olmasının inkar edilə bilməz. Çünki orada məhv edilən azərbaycanlılar yalnız etnik, milli mənsubiyyətinə görə məhv edilmişdir, yəni onlar məhz azərbaycanlı olduğuna görə məhv edilmişdir. Təəssüflər olsun k, Xocalı soyqırımı baş verdikdən sonra nə beynəlxalq tribunal yaradıldı, nə də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən buna hüquqi qiymət verilməsi baş tutdu. Beynəlxalq tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi tələb olunur. Beynəlxalq Ədalət Məhkəməsinin qərar verməsi üçün onun yurisdiksiyasını tanımalıyıq. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin məsələyə qiymət verməsi üçün hüquqi prosedurlarla bağlı məsələlər öz həllini tapmalıdır. Xocalıda baş verən faciəli hadisəyə eyni zamanda milli hüquq mexanizmləri vasitəsilə hüquqi qiymət verilmişdir. Bu, 1994-cü il, o vaxtkı prezident, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır. Milli Məclis Xocalı soyqırımının tanınması ilə bağlı qanun qəbul etmişdir. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşıdır. Bunun Ermənistanla normallaşma prosesi ilə paralel davam etdirilməsi zərurəti tələb olunur. Biz sülh şəraitində yaşamaq istəyirik, dövlətlərarası münasibətləri normallaşdırmaq istəyirik. Eyni zamanda bizə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri unutmuruq və onun mühakiməsini tələb edirik, bu məsələdə Ermənistandan da əməkdaşlıq etməsini gözləyirik. Bu Ermənistanın dövlət kimi beynəlxalq hüquqdan yaranan məsuliyyətidir".
Ayhan
12:45 26.02.2026
Oxunuş sayı: 530