Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Malayziya arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək Malayziya şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib. Bu xüsusda, müvafiq dövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
J. Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.
Görüşdə həmçinin Azərbaycanın cari ildə bir sıra mühüm beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
22:06 25.02.2026
Oxunuş sayı: 469