Lənkəran-Astara bölgəsi üçün böyük fürsət – yeni peşə mərkəzi fəaliyyətə başladı
Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Belə ki, müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb.
Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İskəndərov Crossmedia.az-a açıqlamasında Lənkəran peşə təhsili mərkəzinin Azərbaycanda diqqəti cəlb edən ən böyük mərkəzlərdən biri olduğunu vurğulayıb:

"Vaxtilə Lerik peşə təhsili mərkəzi ilə Lənkəran peşə təhsili mərkəzi birləşdirildi və bu gün Azərbaycan üçün diqqəti cəlb edən və müasir tələblərə cavab verən bir mərkəz açıldı. Azərbaycanın dövlət başçısı İlham Əliyev cənabları da fevralın 25-i məktəbin açılışında olub. Əlbəttə ki bu bölgə üçün, Azərbaycan üçün böyük hadisədir. Belə dövlət peşə təhsili mərkəzinin açılması bir tərəf dən işsizliyin qarşısını alır, ikinci tərəfdən isə peşələrə olan marağı artırır. Peşə təhsili dünyada, o cümlədən Azərbaycanda da maraqlı bir təhsil sahəsidir. Bu həm də regional xarakter daşıyır. Bu gün Lənkəran-Astara bölgəsində hansı peşələrə ehtiyac varsa o müəyyən olunur və bu istiqamətdə işlər görülür".
A.İskəndərov, həmçinin , qeyd edib ki, dövlət başçısı peşə təhsili mərkəzində müxtəlif peşə sahələri ilə tanış oldu: "Bunların böyük əksəriyyəti bu bölgənin gələcək inkişafına təsir edən sahələrdir. Əminəm ki, gələcəkdə təkcə Lənkəran peşə təhsili mərkəzi ilə kifayətlənməyəcək. Azərbaycanın ayrı-ayrı yerlərində mərkəzlər açılacaq. Şəxsən bu peşə təhsili mərkəzlərində olmuş, şəraitləri ilə tanış olmuşam. Belə ki, məkanın müasir tələblərə malik şəraiti var. Kifayət qədər tələbələri var. Gələcəkdə Azərbaycanda peşə təhsili ilə bağlı bir çox məsələnin həllində ən birincilərdən biri olacaq".
Fatimə Məmmədova
16:01 25.02.2026
Oxunuş sayı: 700