Gündə iki qutu siqaret çəkən adam Ramazanda 12-15 saat siqaretsiz necə qalır?
Ramazan ayı artıq bir həftədir başlayıb və müsəlmanlar oruc ibadətini yerinə yetirirlər. Bu ay təkcə qida və sudan imtina dövrü deyil, həm də mənəvi yenilənmə və daxili hesabat zamanıdır.
İnsanlar daha çox ibadət edir, yardımlaşmaya üstünlük verir və gündəlik davranışlarına diqqət yetirirlər. Oruc həm dini baxımdan vacib ibadət, həm də iradə və səbr sınağı kimi dəyərləndirilir. Ramazan cəmiyyət həyatında da xüsusi ab-hava və həmrəylik mühiti yaradır.
Professor, karmologiya üzrə ustad Namiq Qüdrətov Crossmedia.az-a açıqlama verib:

"Ramazan İslam təqviminin doqquzuncu ayıdır və müsəlmanlar üçün vacib oruc ayıdır (səum). Ramazan orucu hicrətin 2-ci ilində (miladi 624-cü il), Peyğəmbərimizin Mədinəyə hicrətindən sonra fərz buyurulmuşdur. Bu hökm Qurani-Kərimin “əl-Bəqərə” surəsinin 183-cü ayəsinə əsaslanır: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi…”.
Beləliklə, oruc İslamın əsas ibadətlərindən biri oldu. Hədislərdə orucun böyük fəziləti qeyd edilir. Səhih əl-Buxari kitabında rəvayət olunur:
“İslam beş əsas üzərində qurulmuşdur…”, və onlardan biri Ramazan orucudur. Səhih Müslim kitabında isə buyurulur: “Oruc qalxandır”, yəni insanı günahdan və Cəhənnəm əzabından qoruyur. Həmçinin Peyğəmbər buyurmuşdur ki, “Kim Ramazanı iman və savab umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar”.
Qüdsi hədisdə isə Allah-Təala buyurur: “Adəm oğlu həyatda nə edirsə özü ücün edir (namaz, zəkat, həcc). Yalnız Oruc Mənim üçündür və onun mükafatını Mən Özüm verəcəyəm”.
Ramazan yalnız yemək və içməkdən imtina etmək deyil. İnsan yalandan, qeybətdən, böhtandan, qəzəbdən və pis əməllərdən də uzaq durmalıdır. Peyğəmbər buyurmuşdur ki, əgər insan yalanı və pis davranışı tərk etməzsə, Allah onun yemək və içməyi tərk etməsinə ehtiyac duymaz. Bu ayda namazı artırmaq, Qurani-Kərim oxumaq, sədəqə vermək və niyyəti saflaşdırmaq tövsiyə olunur".
N.Qüdrətovun sözlərinə görə, fizioloji baxımdan oruc zamanı maddələr mübadiləsində dəyişiklik baş verir: insulin səviyyəsi azalır, orqanizm yağ ehtiyatlarından istifadə etməyə başlayır, hüceyrə yenilənməsi prosesi güclənir:
"Müasir elmi araşdırmalar göstərir ki, fasiləli aclıq autofagiya mexanizmini aktivləşdirə bilər — bu, hüceyrələrin özünü təmizləmə prosesidir. Autofagiya və apoptoz (zədələnmiş hüceyrələrin proqramlaşdırılmış ölümü) toxumaların yenilənməsi və iltihabın azalması ilə əlaqələndirilir.
Dini oruc laborator şəraitdəki modellərlə tam eyni olmasa da, hüceyrə səviyyəsində müəyyən təmizlənmə prosesləri ilə əlaqəsi müzakirə olunur.
Bundan əlavə qeyd edək ki, lazım olanda insanın öz nəfsi üzərində hakim ola bilməsi göstərir. Ancaq bir fakt gətirə bilərik. Bir gündə iki qutu siqaret çəkən adam Ramazan ayında 12-15 saat siqaretsiz qala bilir.
Şiə ənənəsində “Şabaniyyə xütbəsi” xüsusi əhəmiyyət daşıyır. Bu xütbədə Peyğəmbər Ramazanı “Allahın ayı”, rəhmət, bağışlanma və Cəhənnəmdən azadlıq ayı kimi təqdim edir. Xütbədə gecə ibadətlərinin, Quran tilavətinin və ehtiyacı olanlara yardımın savabı vurğulanır. Bu xütbə orucun yalnız fiziki deyil, mənəvi dəyişiklik və daxili saflaşma vasitəsi olduğunu göstərir.
Beləliklə, Ramazan həm tarixi bir fərz ibadət, həm mənəvi tərbiyə məktəbi, həm də müəyyən fizioloji təsirləri olan bir ibadətdir. Onun əsas məqsədi aclıq deyil, təqva, qəlbin saflaşması və insanın həm ruhən, həm də bədənən yenilənməsidir".
Fatimə Məmmədova
10:15 26.02.2026
Oxunuş sayı: 609