Apostrofla yazılan sözlər ayrıca siyahıda təqdim olunacaq: Dil siyasətinin şəffaflığı artırılır
Yeni Orfoqrafiya lüğətində bir vaxtlar apostrof işarəsi ilə işlənən sözlərin ayrıca siyahı şəklində təqdim olunması planlaşdırılır. Bu yenilik lüğətin daha sistemli və istifadəçi yönümlü hazırlanması məqsədi daşıyır.
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmlinin sözlərinə görə, lüğətin yeni nəşrinin bu il ərzində çapı nəzərdə tutulur. O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq lüğət beş ildən tez olmayaraq yenilənir və yeni nəşrdə həm söz ehtiyatının artırılması, həm də əvvəlki nəşrlərdə mövcud olan nöqsanların aradan qaldırılması əsas hədəflərdən biridir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Yeni media kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Mən hesab edirəm ki, bu qərar ilk növbədə normativ aydınlıq və sabitlik baxımından əhəmiyyətlidir. Apostrofla bağlı qaydalar uzun illər ərzində müxtəlif dəyişikliklərə məruz qalıb və bu da cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb. Eyni sözün fərqli mənbələrdə müxtəlif formalarda yazılması yazı mədəniyyətinə mənfi təsir göstərirdi. Həmin sözlərin ayrıca siyahı şəklində təqdim olunması isə konkret və rəsmi istinad bazası yaradır, yazıda vahidliyi gücləndirir və normanın tətbiqini asanlaşdırır.İkinci mühüm məqam tədris prosesidir. Orfoqrafiya qaydalarının mənimsənilməsi şagird və tələbələr üçün həmişə həssas sahə olub. Apostrofla bağlı dəyişikliklər isə xüsusilə yadda saxlanması çətin olan nümunələr sırasına daxildir. Belə sözlərin ayrıca siyahısı müəllimlərə keçid mərhələsini daha sistemli izah etməyə, əvvəlki və yeni norma arasındakı fərqi müqayisəli şəkildə göstərməyə imkan verir. Bu da mexaniki əzbərləmədən daha çox şüurlu mənimsəməyə şərait yaradır. Digər tərəfdən, bu addım dil siyasətinin şəffaflığını artırır. Dil canlı orqanizmdir və zamanla dəyişir. Lakin dəyişikliklərin izahı və sənədləşdirilməsi vacibdir ki, cəmiyyətdə etimad formalaşsın. Əvvəllər apostrofla yazılmış sözlərin ayrıca göstərilməsi həm tarixi yazı təcrübəsini unutmamağa, həm də yeni normanı aydın şəkildə qəbul etməyə kömək edir. Bu, nəsillər arasında anlaşılmazlığı azaldır və keçid dövrünü daha yumşaq edir. Əlbəttə, siyahının özü qaydanın məntiqini əvəz etməməlidir. Əgər siyahı izahlı və metodoloji şərhlərlə təqdim olunarsa, daha effektiv olar. Çünki məqsəd yalnız formanın dəyişdirilməsi deyil, dil istifadəçisinin normanı dərk etməsidir".
Elmir Heydərli
09:22 25.02.2026
Oxunuş sayı: 513