“Like” xoşbəxtliyi... qumar oyunları: hansı ortaq psixoloji cəhətləri var?
Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, bir çox insanlar üçün “like” və rəylər gündəlik münasibətlərin, özünüqiymətləndirmənin göstəricisinə çevrilib.
Bəzən insanlar paylaşımlarına gələn like-ların sayına görə özünü dəyərləndirir, bəzən də kifayət qədər reaksiyanın olmaması onları narahat edir, hətta psixoloji gərginlik yaradır.
Bu, sadəcə virtual diqqət deyil, eyni zamanda özünəinam və emosional vəziyyətlə birbaşa bağlı olan bir fenomenə çevrilib.
Ekspertlər bildirirlər ki, belə vəziyyət uzun müddət davam etdikdə sosial şəbəkələrdən asılılıq, stress və özünüqiymətləndirmədə dalğalanmalar yarada bilər.
Nəticədə, insanlar öz emosiyalarını “like”ların sayı ilə ölçməyə başlayır və bu, gündəlik həyat və ünsiyyət üçün ciddi çağırışlara səbəb olur.
Qeyd olunan sosial asılılıq barədə Crossmedia.az-a danışan psixoloq Aysu Həsənovanın fikrincə, burada əsas təsir edən bəyənmənin sayı yox, onun gözlənilməz gəlmə anıdır:

"Bu mövzuya fərqli tərəfdən baxanda maraqlı bir detal ortaya çıxır ki, insanlar adətən düşünür ki, onları asılı edən bəyənmənin özüdir. Halbuki, əsas təsir edən bəyənmənin sayı yox, onun gözlənilməz gəlmə anıdır. İnsan paylaşım edir və növbəti reaksiyanın nə vaxt gələcəyini bilmir. Məhz bu qeyri-müəyyənlik beyində gərginlik və maraq yaradır. Yəni insanı telefona təkrar-təkrar baxmağa vadar edən şey həzzdən çox gözləmə hissidir. Bu mexanizm qumar oyunlarında işləyən psixoloji prinsiplə eynidir.
Nəticənin nə olacağını bilməmək beyni daha çox cəlb edir.
Başqa bir məqam odur ki, sosial şəbəkədə bəyənmə alan insan sadəcə sevinmir, həmçinin qısa müddətlik sosial təhlükəsizlik hissi yaşayır. Çünki insan beyni qəbul olunmağı təhlükəsizlik siqnalı kimi qəbul edir. Reaksiya az olanda isə bunun əksi baş verir: beyin bunu təhlükə kimi yozur və narahatlıq hissi yaradır.
Yəni məsələ təkcə populyarlıq deyil, dərin səviyyədə “mən qəbul olunuram, yoxsa yox?” sualıdır.
Bir çox insan fərqində olmadan paylaşım etməzdən əvvəl artıq nəticəni təsəvvür edir ki, neçə nəfər baxacaq, kim reaksiya verəcək. Gözlənti ilə reallıq üst-üstə düşməyəndə emosional eniş yaşanır.
Maraqlısı odur ki, bu eniş real həyatda baş verən hadisədən yox, sadəcə rəqəmlərin fərqli olmasından yaranır. Yəni rəqəmlər hissləri idarə etməyə başlayır.
Digər tərəfdən tez-tez bəyənmə alan insan zamanla buna öyrəşir və eyni hissi almaq üçün daha çox reaksiya istəyir. Bu, psixoloji baxımdan həssas bir nöqtədir, çünki insanın məmnunluq həddi tədricən yüksəlir. Dünən kifayət edən bu gün kifayət etmir. Bu isə daimi narazılıq dövrü yarada bilər".
A.Həsənova sosial şəbəkə asılılığının əslində telefonla bağlı problem olmadığını iddia edir:
"Bu insanın daxili dəyər hissinin tədricən xarici təsdiqlərə bağlanması prosesidir. İnsan özünü necə hiss edəcəyini artıq daxilindən yox, ekrandan gələn siqnallara əsasən müəyyən etməyə başlayır. Məhz bu nöqtə psixoloji baxımdan ən həssas sərhəddir".
Fatimə Məmmədova
10:45 25.02.2026
Oxunuş sayı: 633