Ətin qiyməti qalxıb - ELAN EDİLDİ
Ət bazarında qiymət artımı hər il gündəmə gələn məsələlərdən biridir. Son dövrlərdə idxal olunan ətin qiymətində artım müşahidə olunur ki, bu da istehlakçılara birbaşa təsir edir. İqtisadçılar bildirir ki, qiymət artımı yalnız bazar şərtləri ilə deyil, həm də ətin növləri və gömrük xərcləri ilə bağlıdır.
Sahibkarlar gətirdikləri əti qazancla satmaq istədikləri üçün idxal qərarlarını buna uyğun formalaşdırırlar. Eyni zamanda, yerli istehsalın təklifi artmadığı üçün qiymətlərin sabit qalması çətinləşir.
Bu barədə Crossmedia.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli ətin qiymətindən asılı olmayaraq keyfiyyətsiz, yararsız ətin ölkəyə daxil olmasına icazə verilmədiyini bildirib:

"Ətin qiymətinin bahalaşmasını başa düşmək üçün hansı ət növü olduğunu da bilmək lazımdır. Gələn ətin növlərindən asılı olaraq orta qiymət çıxır.
Qeyd edək ki, aldığımız ölkələrdə də inflyasiya var. Yəni bizdə inflyasiya olduğu kimi, ət gəldiyi ölkələrdə də inflyasiya mövcuddur. Ölkədə ət bahalaşdığına görə daha baha ətin gəlməsi ağlabatan olur. Sahibkar gətirdiyi əti qazancla satmaq istəyir. Daxili bazarda ət bahalaşanda idxala maraq artır və buna görə də idxal artır.
Daxili bazarda ətin bahalaşmasının çox səbəbləri var. Ümumiyyətlə, sual ola bilər: niyə 4-5 manata gələn ət sonradan mağazalarda daha baha olur? Təbii ki, burada ətin növlərinə də baxmaq lazımdır.
Əsas məsələ gömrükdən keçən tonla formalaşan qiymətdir – invoys dəyəridir, statistik dəyərdir. Ondan sonra vergilər, logistika xərcləri, mağazaların qazancı və itkilər ortaya çıxır. Bütün məhsulu istədiyin qiymətlə realizə etmək mümkün olmur. Yəni xərclər, zərərlər, itkilər və qazanc norması var.
Sahibkar qazanc əldə etməsə, idxal etməyəcək. Ona məcbur edilmir, ancaq qazanc gözləntisinə görə idxal edir. Amma bu demək deyil ki, orada qazanc norması 200-300%-dir".
X.Kərimlinin sözlərinə görə, ətin bahalaşması bundan sonra da davam edəcək:
"Yerli istehsalın təklifi artmır, əhalinin tələbatı azalır. Ət gələn ölkələrdə də inflyasiya var".
Fatimə Məmmədova
10:00 21.02.2026
Oxunuş sayı: 788