Gürcüstandakı dəyişikliklər Azərbaycan maşın bazarına necə təsir göstərəcək?
Gürcüstana 6 ildən köhnə nəqliyyat vasitələrinin girişinin qadağan olunması Azərbaycanda avtomobil bazarında və qiymət sektorunda müəyyən dalğalanmalara səbəb ola bilər.
Hələlik bu qərar tranzit üçün ciddi problem yaratmasa da, bazarda qiymətlərin artıb-artmayacağı, alıcı və satıcıların necə reaksiya verəcəyi və gələcəkdə hansı gözlənilməz vəziyyətlərin ortaya çıxacağı hələ də sual altındadır.
Bu qərar həm də Azərbaycan bazarında ikinci əl avtomobillərin qiymətinə təsir edə, tranzit yükdaşımalarda isə yeni marşrutların axtarılmasına yol aça bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Natiq Cəfərli Azərbaycana idxal edilən avtomobillərin böyük bir qisminin Gürcüstan ərazisindən tranzit keçməklə ölkəyə gətirildiyini vurğulayıb:

"Gürcüstanda tətbiq olunması nəzərdə tutulan yeni qaydalar isə tranzit rejimində olan avtomobillərə şamil edilməyəcək. Bu dəyişikliklər yalnız Gürcüstan ərazisinə gətirilərək, daxili bazarda satılan avtomobillərə aid olacaq. Eyni zamanda, Azərbaycanda da avtomobil idxalı ilə bağlı artıq mövcud məhdudiyyətlər var. Belə ki, istehsal ilinə görə Avropa və Asiya mənşəli avtomobillər üçün fərqli vaxt çərçivələri tətbiq olunur. Bu səbəbdən Gürcüstandakı dəyişikliklərin Azərbaycan bazarına ciddi təsir göstərəcəyi gözlənilmir.
Bununla belə, müəyyən qədər dolayı təsirin olması istisna edilmir. Çünki Gürcüstan regionda əsas tranzit ölkələrdən biri olduğu üçün bu dəyişikliklər bazarda psixoloji və qiymət dinamikasına qismən təsir göstərə bilər".
N.Cəfərli qeyd edib ki, 2026-cı ildə Azərbaycan avtomobil bazarında müəyyən durğunluq gözlənilir. Bunun əsas səbəbi hökumət tərəfindən tətbiq edilən vergi və gömrük güzəştlərinin ləğv olunmasıdır. Xüsusilə, hibrid və elektrik avtomobillərinə verilən güzəştlərin aradan qaldırılması bazarda qiymət artımına və tələbin azalmasına səbəb olacaq:
"Nəticə etibarilə, avtomobil bazarında baş verəcək mümkün durğunluq yalnız Gürcüstanın verəcəyi qərarlardan asılı deyil. Hətta demək olar ki, bu təsirin çox kiçik bir hissəsi Gürcüstanla bağlıdır; əsas amillər daxili iqtisadi və fiskal siyasətlə əlaqəlidir".
Fatimə Məmmədova
10:00 20.02.2026
Oxunuş sayı: 661