Hibrid müharibənin yeni dalğası: Hədəfdə Azərbaycan Prezidenti və ailəsidir
Son həftələrdə sosial media platformalarında Azərbaycana, xüsusilə Prezident İlham Əliyevə və ailə üzvlərinə qarşı koordinasiyalı dezinformasiya və qarayaxma fəaliyyətləri müşahidə olunur. Bu fəaliyyətlər saxta hesablar, troll şəbəkələri və manipulyativ məzmun vasitəsilə yayılır, ölkənin daxili sabitliyinə və beynəlxalq imicinə təsir etmək məqsədi daşıyır.
Bir sıra məqamlarda isə sözdə azərbaycanlı şəxslərin sosial şəbəkələrdəki təhqir, söyüş kampaniyasını müşahidə edirik. Cəmiyyət haqlı olaraq bu söyüş kampaniyalarını sərt şəkildə qınayır. Aparılan araşdırmalar və bəzi analitik hesabatlar bu kampaniyanın mərkəzləşdirilmiş xarakter daşıdığını və Rusiyanın hibrid təzyiq strategiyasının tərkib hissəsi olduğunu qeyd edir.
Regional geosiyasi gərginliklər – xüsusilə Ukrayna müharibəsi, enerji marşrutları və Cənubi Qafqazdakı təsir mübarizəsi – fonunda belə informasiya əməliyyatları tez-tez qarşıdurmanın bir forması kimi ortaya çıxır. Rusiya tərəfindən idarə olunan hibrid taktikalar (dezinformasiya, kiber fəaliyyətlər və siyasi təxribat) digər ölkələrdə də tətbiq olunub. Azərbaycanla bağlı məsələdə isə izlərin Kremlə bağlanması ilə bağlı konkret sübutlar var.
Belə vəziyyətlərə qarşı effektiv cavab çoxşaxəli yanaşma tələb edir: sosial media platformaları ilə əməkdaşlıq vasitəsilə saxta məzmunun aşkarlanması və bloklanması, kibertəhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, media savadlılığı proqramlarının genişləndirilməsi və diplomatik kanallar vasitəsilə beynəlxalq müttəfiqlərlə birgə monitorinq aparılması. Bu addımlar təkcə cari təhdidləri neytrallaşdırmaqla yanaşı, gələcək informasiya təcavüzlərinə qarşı ölkənin dayanıqlılığını artıracaq.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, Azərbaycan prezidenti və onun ailə üzvlərini hədəfə almaq, Azərbaycan dəyərlərini hədəfə almaq deməkdir: "Çünki prezident Azərbaycan xalqının siyasi iradəsi ilə seçilmiş və legitim hakimiyyəti təmsil etmək hüququ qazanmış şəxsdir. Ona görə də Azərbaycanı sevməyən güc mərkəzləri müxtəlif vasitələrlə ölkəmizin dəyərlərini hədəf almaqla Azərbaycan reallığını qəbul etmək istəmədiklərini göstərirlər. Son dövrlərdə aparılan kampaniyaların arxasında müxtəlif qüvvələr dayanır və burada həm də Azərbaycanın qələbəsini, tarixi zəfərini həzm edə bilməyən Rusiya mərkəzli ideoloqların mövcudluğu qeyd olunur. Onlar böyük tarixi qələbə əldə etmiş Müzəffər Ali Baş Komandanı öz xalqının nəzərində nüfuzdan salmağa çalışmaqla, onun və ailə üzvlərinin ünvanına müxtəlif böhtanlar atmağa hazır olduqlarını nümayiş etdirirlər və bunu edirlər. Çünki nəticə etibarilə Rusiyanın və digər imperialist mərkəzlərin qəbul etmədiyi reallığı yaratdığına görə Azərbaycan prezidentinə və onun ailəsinə qarşı bu cür hücumlara əl atmağa çalışırlar".
Deputat əlavə edib ki, bu yanaşma vaxtilə Qərb imperializmi tərəfindən də ardıcıl şəkildə tətbiq olunub: "Ona görə də cəmiyyətin dəyərsizləşdirilməsi nəticə etibarilə bir xalqın dəyərsizləşdirilməsi deməkdir. Çünki Azərbaycanda ailə müqəddəs institut hesab olunur. Eyni zamanda Azərbaycan təfəkküründə ailə kiçik dövlət kimi qəbul edilir. Deməli, hər hansı bir ailəyə qarşı mənəviyyatsız addımlar atmaq əslində Azərbaycan dövlətinə qarşı mənəviyyatsızlıq yaratmaq deməkdir. Bu isə sonda cəmiyyəti dəyərsizləşdirməyə, daha sonra lidersizləşdirməyə və nəticədə dövlətsizləşdirməyə gətirib çıxara bilər. Bu, olduqca təhlükəli tendensiya kimi qiymətləndirilir. Ona görə də hazırda Rusiya mərkəzli qüvvələr tərəfindən idarə olunduğu iddia edilən bu qarayaxma kampaniyasına son qoyulmalıdır. Vətənini sevən, dövlətini sevən, tarixi zəfərimizi qiymətləndirməyi bacaran, Qarabağı sevən hər bir azərbaycanlı bu əxlaqsızlığı həm də öz ünvanına yönəlmiş hərəkət kimi qəbul etməlidir.Bu kampaniyaya son qoymaq üçün bütün kateqoriyadan olan vətəndaşların sosial şəbəkələrdə, informasiya resurslarında və media subyektlərində bu cür fəaliyyətlərə qarşı prinsipial mövqe nümayiş etdirməsi vacib sayılır. Hüquqi müstəvidə isə müvafiq qurumların hüququn tələb etdiyi bütün zəruri addımları atmasının vacibliyi vurğulanır".

Akademik Nizami Cəfərov isə söyləyib ki, həqiqətən, belə bir hal mövcuddursa, yəni, doğrudan da, Kreml tərəfindən Azərbaycana və Azərbaycan prezidentinə qarşı bu cür yol verilməz təbliğatlara başlanılıbsa, belə bir vəziyyətdə məsələyə münasibət bildirilməsi zəruridir: "Xalq arasında deyilən “od olmasa, tüstü çıxmaz” məsəli də bu kontekstdə yada düşür. Bu halda adekvat cavab verilməlidir və bu cavab ən yüksək səviyyədə səsləndirilməlidir. Əslində, bu cavabları İlham Əliyev müxtəlif çıxışlarında və görüşlərində ifadə edir. Bununla yanaşı, Azərbaycanın ziyalıları, görkəmli və tanınmış şəxsləri də həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bu cür böhtan xarakterli iddialara münasibət bildirməli və cavab verməlidirlər. Azərbaycan xalqı öz prezidentini sevir və yüksək qiymətləndirir. Prezidentin Azərbaycan qarşısında göstərdiyi fədakarlıqlar xalq tərəfindən heç zaman unudulmur və daim yüksək dəyərləndirilir. Eyni zamanda, prezidentin ailə üzvlərinin gördüyü işlər də xüsusi qeyd olunmalıdır".
Akademik bildirib ki, xüsusilə Mehriban Əliyeva tərəfindən həyata keçirilən fəaliyyətlər, Azərbaycan mədəniyyətinin və milli varlığının təbliği istiqamətində görülən işlər, həqiqətən, tarixi xidmətlər kimi qiymətləndirilə bilər: "Bu, böyük və əhəmiyyətli fəaliyyətlərdir. Bununla yanaşı, prezidentin övladlarının fəaliyyəti də diqqət çəkir. Xüsusilə Leyla Əliyeva tərəfindən Xocalı ilə bağlı layihələr, təbiətin qorunması istiqamətində təşəbbüslər, uşaqların və körpələrin yaxşı vətəndaş kimi yetişməsinə yönəlmiş proqramlar geniş ictimaiyyətə məlumdur və göz önündədir. Belə dəyərli fəaliyyətləri böhtan, şantaj və provokasiya yolu ilə gözdən salmaq, hazırkı dövrdə mümkün görünmür. Bununla belə, bəzən ictimaiyyətdə narahatlıq doğuran və xoşagəlməz hallar da müşahidə olunur. Buna görə də, bu cür məlumatların hansı mənbədən yayıldığı müəyyənləşdirilməli və həmin mənbələrə qarşı mübarizə genişləndirilməlidir. Bu tip təbliğat və kampaniyalar Azərbaycan xalqının ideallarını, arzularını və ümidlərini sarsıda bilməz. Azərbaycan cəmiyyəti öz dəyərlərinə sadiq qalaraq bu cür təsirlərə qarşı mövqeyini qorumaqda davam edəcək".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun fikrincə isə etibarlı mənbələrə və media hesabatlarına görə, son həftələrdə Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə və onun ailə üzvlərinə qarşı sosial media üzərindən aparılan kampaniya təsadüfi xarakter daşımır: "Düşünürəm ki, bunlar məqsədli kampaniyalardır və həm də koordinasiyalı hücumlardır. Bu fəaliyyətlər sistematik, planlı, mərkəzləşdirilmiş informasiya təxribatı kimi əyərləndirilməlidir. Aparılan təhlillər göstərir ki, bu kampaniyanın koordinasiya izləri birbaşa Kremlə gedib çıxır. Proses, eyni zamanda Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı hibrid strategiyanın tərkib hissəsi hesab oluna bilər. Xüsusilə Azərbaycan təyyarəsinin Rusiya səmasında mülki təyyarənin vurulmasından sonra münasibətlərdə yaranmış soyuqluq, həm də Azərbaycanın haqlı tələbləri qarşısında qonşu dövlətin – Rusiya dövlətinin saymaz münasibəti, beynəlxalq hüquqi çərçivələri aşan yanaşması bu kontekstdə diqqət çəkir. Bundan sonra zaman-zaman Rusiya mətbuatında, eyni zamanda sosial mediada, Rusiya tərəfindən ayrı-ayrı ekspertlər səviyyəsində təqdim edilən şəxslər vasitəsilə dövlətimizə qarşı təxribat xarakterli, məqsədli kampaniyaların şahidi olmuşuq. Hətta Azərbaycanda hazırda istintaqı hələ başa çatmamış dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılan insanların izlərinin də birbaşa Kremlə gedib çıxması qeyd olunur. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinə, eyni zamanda dövlət başçısına və onun ailə üzvlərinə qarşı həyata keçirilən bu fəaliyyətlərin izlərinin Kremlə getməsi bizi düşünməyə vadar edir və hesab edirəm ki, bu dalğanı Rusiya tərəfindən aparılan hibrid müharibənin yeni mərhələsi kimi dəyərləndirmək olar".
İ.Orucov əlavə edib ki, əgər əvvəlki mərhələlərdə kiberhücumlar ön planda idisə, hazırkı mərhələdə əsas diqqət ölkədə psixoloji sabitlik və ictimai inamı sarsıtmağa yönəlmiş informasiya terroruna yönəlib: "Bu isə hibrid müharibənin yeni mərhələsi kimi dəyərləndirilməlidir. Bu kampaniyanın əsas məqsədləri arasında cəmiyyətdə nifaq salmaq, daxili qütbləşmə yaratmaq, dövlət institutlarına qarşı etimadsızlıq mühiti formalaşdırmaq kimi çirkin niyyətlərin dayandığını düşünürəm. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütövlükdə – istər dövlət hakimiyyət qurumları, istərsə də bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görməli olan qurumlar – kifayət qədər ayıq-sayıqdır. Xalq öz prezidentinin ətrafında dayanıb. Xalq-hakimiyyət birliyi sarsılmazdır. Qırx dörd günlük Vətən müharibəsindəki qələbəmizi də şərtləndirən amillərdən biri məhz bu birlik olub. Azərbaycan artıq hansısa qonşu dövlətlərin özünü hegemon və ya imperialist hesab edən yanaşmaları qarşısında geri çəkilən dövlət deyil. Azərbaycan xalqı öz prezidentinin ətrafındadır və bir daha qeyd etmək istəyirəm ki, monolit birlik mövcuddur. Bu kimi təxribatlar, informasiya müharibələri və hibrid hücumlar qarşısında xalq iqtidarla bərabər öz birliyini yenidən ifadə edəcək. Sosial şəbəkələri izləyirəm, görürəm ki, insanlar belə halları pisləyirlər".
İ.Orucov həmçinin qeyd edib ki, cəmiyyətimiz ayıq-sayıq olmalıdır: "Bölgədəki geosiyasi gərginlik fonunda informasiya məkanının aktiv döyüş meydanına çevrildiyini cəmiyyət başa düşməli və bu hücumların birbaşa ölkənin suverenliyinə və rəhbərinə qarşı yönəlmiş strateji həmlələr olduğunu qəbul etməlidir. Necə ki, qəbul edir, hər zaman ayıq-sayıq olmalıdır. Bu cür təxribatların davamının gəlməsi istisna deyil. Lakin hesab edirəm ki, Azərbaycan dövləti artıq əvvəlki dövrdə bu kimi təxribatlarla üzləşən dövlət deyil. Xalq öz prezidentinin, öz dövlətinin yanındadır və dövlətin kifayət qədər gücü və imkanı var ki, bu kimi təhdidlərə, təxribatlara və informasiya terroruna qarşı adekvat münasibətini ifadə etsin və qabaqlayıcı tədbirlər görsün".
Ayhan
19:30 19.02.2026
Oxunuş sayı: 632