Bilmədən yemək yedim, su içdim… Orucum pozuldumu?
Ramazan ayı başlayıb və insanlar oruc tutaraq ibadətlərini yerinə yetirirlər. Lakin bəzən belə hallar baş verir ki, insanlar bilmədən su içir, yemək yeyir və ya oruc tutduqlarını unudurlar. Hətta bəzən bu, vərdişə çevrilmiş hərəkət kimi təkrarlanır.
Bu vəziyyətlər fərqli nəticələr doğurur: bəzi insanlar artıq yediklərinə görə oruclarını pozmuş hesab edirlər, bəziləri isə orucu saxlayır. Lakin nadir hallarda insanlar bilərəkdən yemək və içmək yolunu seçirlər, sanki özlərini aldatmağa çalışırlar.

Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insan sözü “nisyan” sözündən, yəni “unutmaq” sözündən törəyib: "Əslində oruc kimi ibadətlər bizi öz xilqətimizi, insanlığımızı, gəldiyimiz və gedəcəyimiz yeri, rəbbimizi unutmamağa dəvət edir. Qeyd edək ki, ibadətlər insan əxlaqını gözəlləşdirir, amma əsas hədəf Allahı unutmamaqdır. Əlbəttə, biz insanıq və zaman-zaman oruc tutarkən fikrimiz gedib-gəlir. Amma hər ibadətin düzəliş forması var. Oruc ibadətində də əgər insan bilmədən su içsə, çərəz yeyibsə və ya çörək yesə və sonra yadına düşsə ki, “mən oruc tutduğum halda su içdim, yemək yedim”, əgər yediyi ağzında qalıbsa onu kənarlaşdırır, yox əgər artıq boğazından keçibsə, tövbə edir. Lakin oruc davam edir. Allah buyurur ki, siz oruc tutarkən bilmədən sizi yedizdirən Allahdır. Yəni belə bir hal kimin başına gələrsə, o, orucunu pozmasın və davam etsin".
Fatimə Məmmədova
14:47 19.02.2026
Oxunuş sayı: 618