ABŞ İran məsələsinin güc yolu ilə həllinə hazırlaşır?
ABŞ-nin İranla mümkün diplomatik razılaşmaya münasibəti ilə bağlı səsləndirilən son bəyanatlar beynəlxalq gündəmdə müzakirələr doğurub. ABŞ rəsmiləri diplomatiyanı əsas yol kimi təqdim etsələr də, prosesin uğur perspektivlərinə dair səslənən şübhələr danışıqların real nəticələri ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Aydın Quliyev qeyd edib ki, Vaşinqtonun bu yanaşması danışıqlar strategiyasının mahiyyətinə və tərəflər arasında mövcud ziddiyyətlərin dərinliyinə işıq salır.

Onun sözlərinə görə, ABŞ İran böhranının həlli üçün irəli sürdüyü şərtlərin Tehranın qəbul edə bilməyəcəyi qədər sərt olduğunu əvvəlcədən anlayır və bu yanaşma danışıqların real nəticə vermə ehtimalını azaldır.
Ekspert hesab edir ki, bu vəziyyət Vaşinqtonun diplomatik prosesdə iştirak etməsinə baxmayaraq, paralel şəkildə hərbi variantları gündəmdə saxladığını göstərir. Bu yanaşma danışıqların beynəlxalq ictimaiyyətə sülhə sadiqlik mesajı vermək funksiyası daşısa da, faktiki olaraq İran məsələsinin güc yolu ilə həllinə hazırlıq kimi qiymətləndirilə bilər.
A.Quliyev vurğulayıb ki, tərəflər arasında əsas ziddiyyətlər ABŞ-nin İranın nüvə proqramının tam dayandırılması, raket potensialının məhdudlaşdırılması və zənginləşdirilmiş uran ehtiyatlarının xaricə ötürülməsi ilə bağlı tələbləri ətrafında cəmləşir. Tehran isə bu məsələləri milli təhlükəsizlik və suverenlik çərçivəsində "qırmızı xətt" hesab edir və geri addım atmaq niyyətində olmadığını açıq şəkildə bəyan edir.
Onun fikrincə, bu ziddiyyətlər fonunda İran-ABŞ münasibətlərinin yaxın perspektivdə diplomatik həllə nail olmasından daha çox gərginlik istiqamətində inkişaf etməsi ehtimalı müzakirə mövzusuna çevrilir.
Ekspert əlavə edib ki, hərbi əməliyyatların vaxtını proqnozlaşdırmaq çətin olsa da, bölgədə müşahidə olunan hazırlıq tədbirləri əvvəlki qısa qarşıdurma ssenarilərindən fərqli olaraq daha uzunmüddətli əməliyyat ehtimalını gündəmə gətirir.
A.Quliyevin qənaətincə, Rubionun və Donald Trampın diplomatiya ilə bağlı bəyanatları ABŞ-nin sülh yolu ilə həllə sadiqliyini nümayiş etdirmək cəhdi kimi təqdim olunsa da, real siyasi dinamika Vaşinqtonun paralel şəkildə hərbi hazırlıq xəttini də davam etdirdiyini göstərir.
Nigar Yahyazadə
11:33 18.02.2026
Oxunuş sayı: 669