ABŞ tarixində ilk dəfə bunu edir: Mühüm Azərbaycan faktoru
Regional nəqliyyat və logistika əməkdaşlığı beynəlxalq gündəmdə xüsusi əhəmiyyət kəsb edir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” panelində Azərbaycan Prezidenti İlham Əliyev TRIPP layihəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Prezident bildirib ki, layihənin ABŞ Prezidenti Donald Trampın adını daşıması onun Vaşinqton administrasiyası üçün strateji əhəmiyyət daşıdığını göstərir. Əliyevin sözlərinə görə, bu addım layihənin uzunmüddətli və real şəkildə həyata keçiriləcəyinə ciddi siyasi mesajdır.
Bu barədə Crossmedia.az-a danışan hərbi-siyasi ekspert Həşim Səhrablı isə düşünür ki, prezidentin fikirləri tamamilə yerinə düşür:

"TRIPP layihəsi indi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də ABŞ daxil olmaqla Şərq-Qərb marşrutunda marağı olan bütün ölkələr üçün aktualdır. Layihə işə düşərsə, Zəngəzur koridoru açılacaq. Koridor açıldıqda Orta Dəhlizin işləkliyi daha səmərəli olacaq, məsafə qısalacaq, xərclər azalacaq və çatdırılma vaxtı sürətlənəcək. Bu isə müştərilərə daha keyfiyyətli xidmət təmin etməyə imkan yaradacaq".
Ekspert əlavə edib ki, layihənin həm maddi, həm mənəvi, həm də siyasi baxımdan işə düşməsi bütün tərəflər üçün faydalıdır: "Amerika da çalışır ki, dünya əhəmiyyətli bu layihədə əsas təşkilatçı olsun. Beləcə gəlirlərdən pay alacaq və regiondakı nüfuzunu gücləndirəcək. ABŞ tarixində ilk dəfə Cənubi Qafqazda önəmli bir layihədə fərqli siyasi və iqtisadi iştirakla çıxış edir. Bu isə regiondakı mövqelərinin artması deməkdir. Əsas sual layihənin nə vaxt işə düşəcəyi və tərəflər arasında razılaşmanın necə olacağıdır. Kim nə qədər pay götürəcək və qazancılı çıxacaq, bunlar sonrakı mərhələlərdə müzakirə olunacaq. Ancaq artıq görünür ki, TRIPP layihəsinin həyata keçirilməsi Zəngəzur koridorunun açılması deməkdir. Bu isə Orta Dəhlizin daha işlək hala gəlməsi və Azərbaycan üçün kifayət qədər qazanc gətirəcək bir layihədir".
Mehriban Yariyeva
09:40 18.02.2026
Oxunuş sayı: 537