Rəsmi Bakı bu addıma gedəcək: Rusiyanın reaksiyasından çəkinmirik
Azərbaycanla Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətləri son dövrlərdə enerji sahəsində əməkdaşlıq baxımından daha da güclənməkdədir. Ukrayna Prezidenti Volodimir Zelenski Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdən sonra sosial media hesabında paylaşım edərək Azərbaycanın Ukraynaya göstərdiyi növbəti enerji dəstəyi paketinə görə təşəkkürünü bildirib. Zelenskinin açıqlamasında görüş zamanı Rusiyanın Ukraynanın enerji infrastrukturuna vurduğu zərbələrin nəticələrinin müzakirə olunduğu, həmçinin ikitərəfli münasibətlərin inkişafı və enerji sektorunda birgə layihələrin həyata keçirilməsi məsələlərinin diqqət mərkəzində olduğu vurğulanıb.
Mövzu ilə bağlı Crossmedia.az-a politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycanın Ukraynaya yardım göstərməsi və Ukrayna Prezidentinin təşəkkürü Azərbaycanın qlobal məkandakı nüfuzunu daha da artırır:

"Azərbaycan qlobal məkanda siyasi iradə mərkəzi kimi çıxış edir və bu, digər tərəfdən də Azərbaycanın düzgün xarici siyasət yürütməsini göstərir. Ölkəmiz Rusiyanın reaksiyasından çəkinmir və buna görə də digər MDB dövlətlərindən fərqli olaraq Ukrayna ilə normal münasibətlər saxlayır, enerji sahəsində isə dinc məqsədlərə yönəlik dəstək verir. Azərbaycan və Ukrayna arasında münasibətlər onsuz da pozitiv məzmun daşıyırdı. Azərbaycanın enerji dəstəyindən sonra isə bu münasibətlər yeni inkişaf mərhələsinə keçib. Hər iki ölkə bir-birinə qarşı hörmətli və pozitiv yanaşma sərgiləyir, qarşılıqlı iqtisadi, ticarət və siyasi-diplomatik dialoq davamlı inkişaf edir".
Politoloq vurğulayıb ki, bütün bu proseslər qlobal məkanda da müşahidə olunur və nəticədə Azərbaycana münasibət yalnız pozitiv xarakter daşıyır: "Azərbaycanın nüfuzu yüksəlir, qlobal problemlərin həllində sülhpərvər və vasitəçi mövqedən çıxış etmək imkanları artır".
Mehriban Yariyeva
09:37 18.02.2026
Oxunuş sayı: 477