Bələdiyyələrin fəaliyyəti niyə effektiv deyil?
Azərbaycanda yerli özünüidarəetmə institutunun effektivliyi məsələsi uzun illərdir müzakirə mövzusudur. Xüsusilə, iri şəhərlərdə bələdiyyələrin sayının çoxluğu, səlahiyyətlərin məhdudluğu və fəaliyyətlərin koordinasiya olunmaması bu institutun funksionallığı ilə bağlı sualları daha da aktuallaşdırır.
Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı Azərbaycanın böyük şəhərlərində vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılmasının mümkünlüyünü bildirib. Onun sözlərinə görə, təkcə Bakı şəhərində 45 bələdiyyənin fəaliyyət göstərməsi idarəetmədə parçalanmaya səbəb olur və bu qurumların vahid böyük şəhər bələdiyyəsi formatında birləşdirilməsi daha effektiv nəticələr verə bilər.
Məsələ ilə bağlı Ağ partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda bələdiyyə sistemi Avropa Şurası qarşısında götürülmüş öhdəliklər çərçivəsində həyata keçirildi. Həmin dövrdə Avropa Şurasına üzvlüklə bağlı əsas şərtlərdən biri də bələdiyyə institutunun formalaşdırılması idi. Lakin təəssüf ki, Azərbaycanda bələdiyyə institutları özlərini doğrulda bilmədilər.
Niyə doğrulda bilmədilər? İlk illərdə bələdiyyələrə böyük ümidlər var idi. Hətta Türkiyə modelinə uyğun bir bələdiyyə mexanizminin formalaşacağı düşünülürdü. Ancaq sonradan məlum oldu ki, iqtidar həm yerli icra hakimiyyəti orqanlarını əvvəlki güc və səlahiyyətlə saxlamaq, həm də paralel şəkildə bələdiyyə mexanizmini tətbiq etmək istəyir. Nəticədə səlahiyyət toqquşmaları, iş bölgüsü ilə bağlı ziddiyyətlər yarandı".
T.Abbaslı əlavə edib ki, seçkili orqan olan bələdiyyələr faktiki olaraq təyinatlı icra hakimiyyəti strukturlarının bir növ şöbəsinə çevrildi:
"Bu yanaşma hakim siyasi qüvvə üçün daha məqsədəuyğun hesab edilirdi. Sonrakı mərhələdə isə bələdiyyələrin səlahiyyətləri ildən-ilə azaldılmağa başladı və bu gün bələdiyyələr demək olar ki, səlahiyyətsiz qurumlara çevriliblər. Həmçinin onların sayı da azaldılıb. Üstəlik, bələdiyyələrə ictimai etimad da zəifdir – bu, həm seçilmə mexanizmi, həm də fəaliyyətlərinin effektivliyi ilə bağlıdır.
Hazırkı şəraitdə Azərbaycanda istər böyük şəhər, istərsə də kiçik kənd bələdiyyələrinin real təsiri yoxdur, indiyə qədər də olmayıb. Bu vəziyyət o vaxta qədər dəyişməyəcək ki, birincisi, bələdiyyələrə münasibətdə ədalətli seçkilər keçirilsin, ikincisi isə onların əlində real səlahiyyətlər olsun. Bura maliyyə resurslarına çıxış məsələsi də daxildir.
Hazırda bu imkanlar verilmədiyinə görə bələdiyyələr dövlət idarəçilik mexanizmində əlavə yükə çevrilib. Bu baxımdan, ƏQP olaraq da təklif etmişik ki, indiki formatda bələdiyyələrin qalmasındansa, onların ləğvi daha effektiv olar.
Əgər bələdiyyələrin işlək və funksional bir struktura çevrilməsi arzu olunursa, onda onların səlahiyyətləri artırılmalı, yerli icra hakimiyyəti orqanlarının bir sıra səlahiyyətləri bələdiyyələrə ötürülməlidir. Hətta müəyyən vergi və digər inzibati funksiyaların da ötürülməsi məsələsinə baxılmalıdır. Bununla yanaşı, ədalətli və rəqabətli seçkilər təmin edilməlidir.
Əks halda, bu dəyişikliklərin baş verməyəcəyini nəzərə alsaq, daha real və cəmiyyət üçün prioritet olan problemlər haqqında danışmaq daha məqsədəuyğundur. Çünki bu gün bələdiyyələr cəmiyyəti narahat edən əsas məsələlər sırasında yer almır".
Ayhan
13:16 16.02.2026
Oxunuş sayı: 611