Avropa ölkələri Azərbaycanı NATO-ya üzv olmağa dəvət edir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün nəzərdə tutulan Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda növbəti təlim keçirilib.
NATO-nun Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupuna daxil olan ekspertlər tərəfindən təşkil olunan kurs “NATO-da logistikanın planlaşdırılması” mövzusuna həsr olunub.
Təlim zamanı əməliyyatlar zamanı logistikanın planlaşdırılması və təşkili üzrə ssenari əsaslı tapşırıqlar icra edilib, hərbi qulluqçular həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə ediblər. Bununla yanaşı, iştirakçılara NATO-nun fəaliyyət prinsipləri və logistika sahəsi ilə bağlı müxtəlif brifinqlər təqdim olunub.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Azərbaycan ilə NATO tərəfdaşlığının 30 ildir davam etdiyini xüsusi olaraq vurğulayıb:

"Azərbaycan NATO-nun bir çox proqramlarında, o cümlədən müdafiə, təhlükəsizlik və sülhməramlı fəaliyyətlər çərçivəsində əməkdaşlıq edib. Bu əməkdaşlıq həm Azərbaycan, həm də NATO tərəfindən daim yüksək qiymətləndirib. NATO rəhbərliyi Azərbaycan əsgərinin Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr olduğunu da dəfələrlə vurğulayıb.
Bu bir daha onu göstərir ki, Azərbaycan NATO üçün çox cəsarətli, peşəkar hərbi kontingentlə təmsil olunub və bu peşəkarlıq məhz NATO-nun Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu göstərir. Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbədən sonra regionda tam yeni konfiqurasiya formalaşır, Azərbaycanın süverenliyi və ərazi bütövlüyü tamamilə bərpa edilir. Bu Azərbaycan silahlı qüvvələrinin kifayət qədər böyük bir potensiala malik olduğunu göstərir.
Digər tərəfdən Azərbaycan artıq beynəlxalq tədbirlərdə sülh yaratma funksiyalarının həyata keçirilməsi üçün tədbirlərə dəvət alır. Belə olduğu halda, təbii ki, NATO rəhbərliyi Azərbaycan ilə əməkdaşlıqda maraqlı görünür . XXI əsrin güclü orduya malik tək qalib olan ölkəsi -Azərbaycanı artıq bir çox Avropa ölkələri NATO-ya üzv olmaq üçün dəvət edirlər".
Ə.Verdiyev hesab edir ki, NATO ilə birgə proqramlar və digər tədbirlərin qrafiki getdikcə daha da genişlənəcək:
"Məhz Avropa ölkələrinin bəziləri Azərbaycan ilə strateji tərəfdaşdır. Həmçinin, Azərbaycan onların enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu cür üstün imkanlara malik olan Azərbaycanın NATO ilə əlaqələrini gələcəkdə daha da genişləndirlməsini gözləmək təbii haldır".
Fatimə Məmmədova
12:55 16.02.2026
Oxunuş sayı: 1442